Roman Qriqorçuk: "Nəticədən razı deyiləm"
03.08.2024 - 20:58
Roman Qriqorçuk: "Nəticədən razı deyiləm"

Misli Premyer Liqasının I turu çərçivəsində keçirilən "Neftçi" - "Turan Tovuz" görüşü bərabərliklə yekunlaşıb.

Apasport.az xəbər verir ki, "ağ-qaraların" baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Heç-heçə oynadıq. Bunu özümüz üçün pozitiv nəticə deyil. Mən razı deyiləm. "Neftçi" böyük tarixi olan, böyük adı olan komandadır. Təbii ki, öz evimizdə qalib gəlməliyik. Bunun üçün cəhd göstərəcəyik.

- Oyundan necə, razı qaldınız?

- Deyə bilmərəm ki, nəticədən razı deyiləm, pis oynadığımızı da deyə bilmərəm. Biz yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı. Başqa cür danışardıq.

- Son 5-6 dəqiqədə təzyiqi kifayət qədər artırmışdız. Onu 15-20 dəqiqə qalmış etmək olmazdı?

- Biz istəyirdik ki, 90 dəqiqədə edək. Amma təəssfürlər olsun ki, vaxt da çatmadı. Razıyam ki, bu cür son dəqiqələrdə yox, bütün oyunboyu oynamaq lazımdır. Xüsusilə də, evdə, öz azarkeşlərin qarşısında ilk dəqiqədən sona qədər belə oynamaq gərəkdir.

- Özünüz nə hisslər keçirdiz? Azərbaycan çempionatında nələr dəyişib?

Bütün bu illər Azərbaycandan uzaq olduğumu hiss etmirdim. Çünki daim danışırdıq, jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım.

- Qazonu görəndən sonra peşman olmadız?

- Meydança haqda kritik fikirlər bildirmək istəmirəm. Çünki obyektiv səbəbləri var. Mən hamıya deyirdim ki, "Bakcell Arena"nı çox sevirəm. Burada "Qəbələ" ilə oynayırdıq. Meydança əla olurdu. İstəyərdik ki, meydança daha da yaxşı olsun.

- Hücum xəttinin effektivliyi barədə nə düşünürsüz? 

- Bu xətti daha da rəqabətli etmək istəyirik. Hücum xəttinə keyfiyyətli oyunçular əlavə etmək niyyətindəyik. Hazırkı oyunçularla rəqabət yaratsınlar. Biz bu addımı atsaq, komanda hücumda daha effektivli olacaq.

- "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk oyunu izləyənlər arasında idi. Onunla danışmısız?

- Şəxsən onunla tanış deyiləm. Onunla danışmamışıq. Bilirəm ki, Kaşuk yüksək səviyyəli, yaxşı oyunçudur. Ona ancaq salamlarımı çatdıra bilərəm.

writer photo
Əlirza Əlirzalı
0