“Bakının müsbət cəhətləri müasir memarlığı, eyni zamanda şərq ləzzəti və tarixi birləşdirən gözəl şəhər olmasıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına müsahibəsində deyib.
39 yaşlı mütəxəssis ölkəmizdə ən çox üzləşdiyi problemdən bəhs edib. O, avtomobil sürücülərindən şikayətlənib: “İnsanların yollarda davranışları məni təəccübləndirdi. Dörd zolaqlı yolda hərəkət edirsinizsə, sola və ya sağa dönmə varsa, heç kim öz zolağında manevri tamamlamır. Dörddən altı zolaq yaradırlar və küncləri bağlayırlar. Dönmə işığı olmadan məndən beş santimetr aralıda kiminsə qəfildən zolaq dəyişdirmək qərarına gəlməsinə öyrəşə bilmirəm. Krasnodarda tələsirsənsə, minnətdarlıqla qəza işıqları yandırılır. Burada belə bir şey yoxdur. Piyada ancaq sürətlə qaçaraq yolu keçə bilər. Başqa şansı yoxdur”.
Musayev Bakıda polislərin fəal hərəkətdə olduqlarını diqqətə çatdırıb: “Burada çoxlu kameralar var, hətta təhlükəsizlik kəməri bağlanmadığı üçün cərimələr gəlir. Polis şəhərdə gəzir, qanunu pozanları müəyyən edir. Əlinizdə telefonla getdiyiniz zaman sizi dayandırırlar. İşıqforu yanıb-sönəndə keçdiyin zaman polis kənarda dayanıb şəklini çəkir”.
“Sabah”ın çalışdırıcısı hətta bir dəfə polis tərəfindən dayandırıldığını söyləyib, onunla arasındakı dialoqu açıqlayıb: “İl ərzində çoxlu cərimələr ödəmişəm. Bir dəfə kompleksdən çıxdım, dərhal bir polis tərəfindən dayandırıldım. Maşından beş metr aralıda dayanıb qışqırdı: “Gələ bilərəm?” Dedim ki, niyə soruşursan? Bildirdi ki, həyat yoldaşınız ön oturacaqdadır, soruşmalıyam. “Buyurun”, söylədim. Soruşdu ki, nəyi pozduğunuzu bilirsiniz? Motosikleti buraxmadınız. Bildirdim ki, “Bakıda heç kəs heç kəsi buraxmır, problem nədir? O da bunun qəbuledilməz olduğunu vurğuladı. Haralı olduğumu soruşdu və mənə xoş yol arzuladı. Amma adətən səni buraxmırlar, burada sərtdirlər”.
Qeyd edək ki, Murad Musayev “Sabah”a ötən il oktyabrın sonunda təyin olunub.