Rüstəm Əfsərli: "Azarkeşlər istənilən futbolçunu tənqid etməkdə azaddırlar"
21.08.2024 - 12:53
Rüstəm Əfsərli: "Azarkeşlər istənilən futbolçunu tənqid etməkdə azaddırlar"

"Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli jurnalistlərlə görüşüb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

"Forma sizin üçün də gözlənilməz ola bilər. Bizim üçün gözlənilməz bir şey yoxdur. Bu mətbuat konfransının birincisi ötən həftəyə planlaşdırılmışdı. Texniki səbəblərdən alınmadı. Müxtəlif fikirlər səsləndirilir, yazılır. Bu konfransın məğlubiyyətlərə aidiyyatı yoxdur. Çalışacağıq ki, ayda  iki dəfə görüşək, "Neftçi"də baş verənləri, siyasətini müzakirə edək. Klubun mövqeyini media nümayəndələrinə, azarkeşlərə çatdıraq. Qərara gəldik ki, həm sizi maraqlandıran, həm də azarkeşləri maraqlandıran suallara birinci mənbədən canlı yayımda cavab versək, daha məqsədəuyğun olar. Bugünkü mətbuat konfransının gündəmini siz müəyyənləşdirirsiz. Maraqlandıran suallar varsa, verə bilərsiz. Bizim də demək istədiklərimiz var".

- Niyə məhz siz ilk mətbuat konfransında media qarşısına çıxdınız? Sizin işiniz media koordinatorluğudur. Başqa suallara cavab verə biləcək şəxslər var. Niyə məhz siz burada əyləşmisiz?
- Bu suala bu formada cavab verim. Bu mənim vəzifə təlimatlarımdan biridir. Burada qeyri-adi heç nə yoxdur. Klubun fəaliyyətini həftə ərzində, klubda baş verənləri ictimaiyyətə çatdırmaq vəzifə borcumdur. Burada oturmağımın səbəbləri də budur. Meydanda baş verənlərə isə baş məşqçimiz cavab verə bilər. Onu da həftədə minimum bir dəfə görürsüz, suallar verə bilərsiz. Ötən bazar baş məşqçiyə suallar vermək imkanınız oldu. Bu şənbə günündə qarşılaşmadan sonra meydanda baş verənlərlə bağlı o şəxsə suallar verə bilərsiz. Meydandan kənarda baş verənlər, klubun fəaliyyəti, transfer siyasəti, infrasturkturla bağlı məndə tam dolğun informasiyalar var.

- Mövsümün sonunda "Neftçi" avrokuboklara vəsiqə qazana bilməsə, siz məsuliyyəti üzərinizə götürəcəksiz?
- "Neftçi" avrokuboklara vəsiqə qazanacaq. Nəticələrə cavabdeh şəxs baş məşqçidir. Mən məsuliyyət daşıya bilmərəm. Əgər mövsümün sonunda uğur olacaqsa, hamının uğuru olacaq, uğursuzluq olacaqsa, hamının uğursuzluğu olacaq.

- Maraqlıdır, indiki mətbuat konfransının strukturu necə olacaqdı? Siz burada təksiz. Cenk Sümer, Yens Andersson burada yoxdur. Kamil Məmmədov da yoxdur...
- "Neftçi TV"yə müsahibə vermişdim və klubun strategiyasını açıqlamışdım. Klub quruculuğunda infrastruktur məsələləri də gündəmə gəlir. Mövzulardan biri klubun infrastrukturudur. Bilirdik ki, bu ilə qədər "Neftçi"nin tarixinə yaraşan səviyyədə deyildi. Amma qısa müddətdə çox yaxşı işlər görüldü. Bazamız hazırdı. Yaxın günlərdə ikinci mərtəbə də olacaq. Ofisimiz də orada olacaq. Sizi də dəvət edəcəyik, siz də görəcəksiz. Stadiondan da danışmaq lazımdır. "Neftçi" azarkeşlərini maraqlandıran əsas mövzulardan biri stadionun ot örtüyü idi. Müxtəlif yazılar oldu. Biz reaksiya vermədik. Onsuz da bizim bəyanatımızda dolğun yazılmışdı. "Neftçi Arena" bizim deyil, AFFA-nındır. Amma istənilən halda, bura yatırım edirik. Onlardan biri də ot örtüyüdür. Stadionun ot örtüyünü birinci turda gördük ki, azarkeşlərin və medianın xoşuna gəlmədi. "Forza Neftçi" oyuna çox ciddi hazırlaşmışdı. Böyük pankart da asılmışdı. O hazırlığı pozmamaq üçün "Turan Tovuz"la oyunu "Neftçi Arena"da keçirməyə qərar verdik. Ancaq ot örtüyünün qənaətbəxş olmadığına görə, stadionu dəyişdik. İndi işlər gedir. Çox ciddi irəliləyiş var. "Qarabağ"la oyunumuz var. Ona qədər stadionun ot örtüyü yaxşı olacaq. Bu arenada ot örtüyünün yenilənməsi 2019-cu ildə baş verib. Türkiyə millisi Avropa çempionatında hazırlıq üçün "Neftçi Arena"nı seçmişdi. Ondan bu yana stadionda kiçik bərpa prosesləri edilib. Hazırda meydanda görülən işlər ot örtüyünün üst hissəsinin bərpa işləridir. Bizim arena digər arenalardan təbii quruluşuna görə fərqlənir. Stadionda havalandırma ilə bağlı problem olur. Yay aylarında havanın isti olduğu müddətdə havalandırma mənfi təsir göstərdiyi üçün otun bitməsində problemlər önə çıxır. Ona görə bərpa işləri aparılmalıdır. Yenidən toxumlar səpilib. Dəliklər var idi. Görəcəksiz ki, azalıb. Bizim gündəmimizdəki problemlərdən biri bu idi. Mətbuatda həmkarlarımız yazırlar, müxtəlif fikirlərə yer verirlər. Transfer məsələlərinə gəlincə, çox rahat danışa bilərəm. Transfer fəaliyyətinin necə həyata keçirilməsi haqda məlumatlıyam. A-dan Z-yə qədər bilirəm. Bütün dünyada hazırda həyata keçirilən sistem "Neftçi"də də həyata keçirilir. Çox sivil sistemdir. Kluba futbolçular təklif edilir. Baş məşqçinin bildirdiyi problemli mövqelər olur, onun istədiyi keyfiyyətdə futbolçular bildirilir. Skautlarımız futbolçuları idman direktoru ilə birlikdə seçirlər. Baş məşqçinin tələbinə uyğun "şort-list" təqdim olunur. O da ən bəyəndiyi, uyğun gələnini seçir və futbolçu ilə danışıqlara başlanılır. Doğrudur, sonradan hansısa xırda problemlər çıxa bilər. Məxsus olduğu klub çox yüksək qiymət istəyə bilər, orada razılığa gəlməyə bilərik. Amma baş məşqçi hansı futbolçunu istəyirsə, onunla danışıqlar aparılır. Transfer pəncərəsinin bağlanmasına bir ay var. Meydandan baş verənlərə fikir bildirməyimiz, müdaxilə etməyimiz mümkün deyil. Baş məşqçimiz bununla bağlı danışır.

- Bir çoxları fikirləşir ki, medianın, azarkeşlərin sizə olan sevgisi, hörmətinə görə rəhbərlik sizdən qalxan kimi istifadə edir, sizi medianın önünə atıb. Bu təşəbbüs sizdən gəlib, yoxsa rəhbərlikdən? Pərdərarxasında səlahiyyətləriniz daha çoxdur deyə bilərik?
- Tamamilə əsassızdır. Mətbuatı və ya azarkeşləri sakitləşdirmək üçün.. Bu, ağlagəlməz bir şeydir. Bu mənim vəzifə təlimatlarımda var. Biz də sizin içinizdən çıxmışıq. Qayıdacağımız yer də oradır. Səlahiyyətə gəldikdə, xeyr. Klubda hər kəsin öz işi var, hamı öz işi ilə məşğuldur. İşimiz klubun siyasətini, klubda baş verənləri ictimaiyyətə çatdırmaqdır. Təşəbbüsə gəlincə, ümumi qərardır. Rəhbərliyin istəyi olub, mən də hə demişəm.

- Son zamanlarda Qara Qarayevlə bağlı çoxsaylı yazılar yazılır. Komandada qalacaq, yoxsa gedəcək?
- Qara Azərbaycan futbolunda karyerasını davam etdirsə də, artıq iz qoymuş biridir. Millidəki, "Qarabağ"dakı çıxışları... Onun Azərbaycan futbolunda böyük xidmətləri var. Olub və məncə, yenə də olacaq. Əminəm ki, Qara yaxşı məşqçi, funksioner də ola bilər. Futbol adamıdır. Onun haqqında danışanda, böyük hörmətlə danışırıq, belə də olmalıdır. Meydanda baş verənlərə baş məşqçi qərar verib. Roman Qriqorçuk da Qaranı start heyətində görmədiyini bildirib. Bu onun seçimidir. Müdaxilə edə bilmərik. O ki qaldı, Qaranın "Neftçi"dəki karyerası ilı bağlı proseslərə... Xahiş edərdim ki, bu hələlik klubun daxilində qalsın. Anlayışla qarşılaşayarsız. Ki, heç bir tərəf bu məsələdən zərər görməsin. Çox qısa zamanda yəqin ki, məlumat verərik. Ancaq klubun daxili işidir deyə sizdən bizi anlayışla qarşılamağınızı rica edərdim.

- Emin Mahmduovla bağlı azarkeşlər onun komandadan getməsini tələb etmişdi. Onun gələcəyi haqda plan necədir?
- Azarkeşlər istənilən futbolçunu tənqid etməkdə azaddırlar. Tərifləməyə də azaddırlar. Eminin "Neftçi" ilə müqaviləsi var, kapitanımızdır. Onun gələcəyi ilə bağlı hardasa müzakirə edilməyib. Bir müjdə verim azarkeşlərə. Bu gün artıq bir futbolçumuz tibbi müayinədən keçəcək. Alınarsa, bu gün, alınmasa sabah yeni transferimizi açıqlayacağıq. Mövqeyi isə sol cinah müdafiəçisidir. 

- Azər Əliyev və Azər Salahlı..
- İkisi də komandada qalır. Hansı futbolçunun hansı mövqedə oynatmaq baş məşqçinin qərarıdır.

- Azarkeşlər üçün tribunada xüsusi oturacaqlar quraşdırılacağını demişdiz. Bu barədə yenilik nə vaxt olacaq?
- İş başlayır. Ot örtüyü ilə bağlı yeniliyə dərhal başladıq. Mütləq sentyabrın 21-ə qədər ot örtüyü çatdırılmalıdır. Digər məsələlər də sentyabrın 21-ə qədər sona çatdırılmalıdır. İnanırıq ki, həmin vaxta qədər stadionun oturacaqları ağ-qara olaraq dəyişdiriləcək. Həm də fəal azarkeşlərimizin oturacaqları açılıb-bağlanan olacaq. Digər məsələlər də var. Stadiondakı çatışmazlıqları adi gözlə də görürsüz. Dam örtüyü, səs sistemi, işıqlandırma ilə bağlı çatışmazlıqlar var. Hamısı həyata keçiriləcək.

- Olmazdı ki, "Sabah"la oyun Masazırda olsun? Belə təklif etmişdiz?
- Müxtəlif düşüncələr var idi. Elə düşüncə də var idi ki, ev oyunlarının yerini dəyişək. Azərbaycanda indi stadion tapmaq çətindir. Bəzi komandaların məqş etməyə stadionu yoxdur. Qarşılıqlı danışıqlardan sonra qərar gəldik ki, ev stadionu axtarmaq lazımdır. "Dalğa Arena" variantı üzərində dayandıq. "Zirə" ilə danışıqlardan sonra ev oyunumuz Zirəyə keçirildi. Biz də razılıq verdik. "Zirə"nin ot örtüyü çox yaxşı vəziyyətdə idi. Hansısa narazılığımız yox idi.

- Gələcək mətbuat konfranslarında da ancaq sizi görəcəyik, yoxsa gedişata uyğun dəyişəcək?
- Nəticənin mətbaut konfransına aidiyyatı yoxdur. Yeni sponsor təqdimatımız olacaq. Ciddi danışıqlar gedir. Bazada yerləşdiriləcək banner ola bilər, forma üzərində olacaq sponsor yazıları da ola bilər. Yeni oyunçuların fərqli təqdimatda iştirakı lazımdır. Onları da mətbuat konfransına çıxaracağıq. Amma başa düşmək lazımdır ki, iyul və avqust aylarında proseslər çox tez oldu. Sanki xaotik formada görünürdü. Gələcək konfranslarda idman direktorumuz da iştirak edəcək. Baş icraçı direktorumuzla da tanış olacağıq. Yeni sponsorlarımız burada çıxa bilər. Ola da bilər, həftədə bir dəfə, ayda iki dəfə görüşək, fikir mübadiləsi aparaq.

- "Neftçi" kimi köklü kluba özünün balansında olacaq stadion lazım deyil?
- Əlbəttə ki, lazımdır. Amma reallıqlar var. Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var. Yəni, "Neftçi"nin özünəməxsus stadionun olması. Bunlar zaman alan, texniki proseslərdir. Klubda çalışan insanlar da bunu istəyir. Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu baş verəcək.

- "Neftçi"də hazırda neçə rəhbər var?
- Bir rəhbər var. Müşahidə Şurası və hər şöbənin öz rəhbəri. 

- "Neftçi"yə cavabdehlik daşıyan kimdir? Sponsorun...
- Klubun Müşahidə Şurası...

- "Neftçi"nin çempionatdakı üç oyununu görmüşük. Dediz ki, 5-6 tur vaxt lazımdır. 3-4 həftəyə dəyişəcək? Bu "Neftçi" ilə nəyə ümid edirsiz?
- Beş-altı tur lazımdır fikri mənim deyil. Roman Qriqorçuk yeni futbolçuların adaptasiyası ilə bağlı demişdi. Mən deməmişəm ki, "Neftçi" 5-6 tur sonra yaxşı oynayacaq. Komandanın nə vaxt necə oynayacaq, baş məşqçiyə sual verin. Klub nümayəndəsi kimi gözləntilərim nikbindir. Gündəlik məşqlərinə baxıram. Klubdakı fəaliyyətin içindəyəm. Hamı öz işini məqsədyönlü şəkildə yerinə yetirir. Roman Qriqorçuk 24 saat çalışır. Onun keçmişi var. Ölkə xaricində, öz ölkəsində, bir neçə bizim kimi postsovet ölkələrində çempion olub. "Qəbələ"də gördüyü işlər göz önündədir. Bu şəxsin baş məşqçi kimi nəyə qadir olduğunu bilirik. O, Azərbaycanı son dəfə tərk edəndə 2018-ci il idi, 6 il keçib. Azərbaycanı tanıyır, amma yenidən uyğunlaşmaq, öz ideyalarını yeni komandasına aşılamaq üçün vaxt lazımdır. O isə bunu daha yaxşı bilir. Qarşıdakı həftələrdə "Neftçi"nin daha yaxşı oynayacağını proqnozlaşdırmaq olar. Ümid edək ki, azarkeşləri də nəticələrlə sevindirəcəyik. Mətbuatda yazılır ki, Qriqorçuk gedəcək, narazıdır... Bu xəbərlərin altında mənbə olmadığı üçün haradan götürüldüyü görmürük. Ona görə də nəsə demək çətindir. Məşqlərimiz də açıq deyil ki, deyək orada nəsə olub. Qriqorçukun kimdən, nədən narazı olmasının məndə cavabı yoxdur. Klub yeni nəfəslə yeni mövsümə atılıb. Nəticələr heç birimizi qane etmir. Hamımız başa düşürük ki, 3 turdan sonra 2 xal yığmağımız normal deyil. Ümid edək ki, qısa müddətdə baş məşqçiyə verilən suallar yalnız qalibiyyətlə bağlı olacaq.

- "Qarabağ"da nə Türkiyədən, nə də İsveçdən klub rəsmisi var. "Zirə"də də həmçinin. Avropa strukturu formalaşdırana qədər klublarımız irəli gedir. Bəlkə uğur düsturunu "Qarabağ"dan götürəsiz?
- "Qarabağ"da Türkiyədən mütəxəssis var. Amma məsələ o deyil. Hər klubun öz yolu var. Biz bu gün o seçilən yolun yekunları haqda avqustda danışa bilmərik. İndidən nəyin necə olacağı bilinmir. İnanırıq ki, seçilən yol doğrudur. Biz bilirik ki, Danimarka kimi klub formalaşdıra bilmərik. Hər şeyin fərqindəyik. Sadəcə dünyanın qabaqcıl klublarının yaxşı şeylərini götürməkdə pis nə var? Yaşayaq, görək. İnanırıq ki, seçdiyimiz yol doğrudur və qısa müddətdə uğur qazanacağıq. Amma bu da qısa yol deyil. Qısa yol, çox böyük pul xərcləmək.. Bəlkə də, bir mövsümlük nəticə olar. Fərqindəyik ki, seçdiyimiz yol uzun və çətindir. Amma biz bundan qorxmuruq. İş gedir. Bir gün bəhrəsini görəcəyik.

- "Neftçi TVnin peykə çıxması üçün nə çatışmır?
- Buna can atırıq. Bizdən əvvəl klubu quranlar, media komandasının da fikri bu idi. Amma televiziya quruculuğu çox çətindir. Bu yöndə işləmişəm. "CBC Sport"un əsası qoyulanda ilk insanlardan biri mən olmuşam. "CBC Sport"un imkanları daha genişdir, yayımçıdır. Onun belə əsas yayıma keçməsi 2-3 ay almışdı. Avqustda proses başladı, noyabrda əsas yayıma keçdi. Məqsədimiz odur. Bunun üçün yaxşı maliyyə yatırımı lazımdır, kadrlarımızın sayı artmalıdır. Media komandası olaraq "Neftçi TV"ni inkişaf etdirməliyik. "Neftçi TV"də yeni layihələr olacaq. Bəzi avadanlıqlar yenilənməlidir. Yeni bazamız inşa olunur, ora keçid etməliyik. Yaxın gələcəkdə "Neftçi Tv"də də yeniliklər görəcəksiz. Bu qrupu bura yığanlara təşəkkür edirəm.

- Lukas Melanonun gedişi gözlənilir? Brayan Moreno necə?
- Moreno zədəlidir. Uzunmüddətli olub-olmamasını müəyyənləşdirmək üçün zamana ehtiyac var. Dizindəki problemi müəyyənləşdirmək lazımdır. Ona görə mövsümün sifariş ərizəsinə salmamışıq. Zədəsinin mahiyyəti tam bilinməyib. Onun bizimlə müqaviləsi var. Sağlamlıq durumu ilə bağlı məsələdir. Melanoya gəldikdə, onunla da müqavilə var. Qara Qarayev məsələsi kimi, onun da klubdaxilində qalmasını xahiş edərdim. "Neftçi" bu məsələlərdə operativdir. Yenilik olarsa, ictimaiyyət məlumat alacaq.

writer photo
Əlirza Əlirzalı
0