“Qarabağ”ın sabiq futbolçusu Azər Cabbarovun apasport.az saytına müsahibəsi
- Son günlərin əsas mövzusu Kadi Borgesin “Qarabağ”dan “Krasnodar”a keçidi oldu. Braziliyalının Ağdam klubunu tərk edərək Rusiyaya yollanmasını necə qarşıladınız?
- Kadinin “Krasnodar”a satılması düzgün addım idi. Çünki baxın, artıq klublar futbolçu transferindən pul qazanır. Hər halda, bu cür yolla pul qazanması alqışlanası haldır. “Qarabağ” Kadinin transferindən normal gəlir əldə etdi. İnanıram ki, gələcəkdə öz oyunçularımız da Avropa klublarına transfer ola biləcək.
- “Qarabağ”a Kadisiz çox çətin olmayacaq?
- Doğrudur, o, “Qarabağ”a çox xeyir verirdi. Kadinin hansı səviyyədə futbolçu olduğunu görürdük. Həm daxili, həm də avrokubok matçlarında özünü yüksək səviyyədə göstərirdi. Amma “Qarabağ” Kadisiz də oynaya bilər. Yetərincə, bacarıqlı, istedadlı, səviyyəli futbolçular var. Bu mənada, “Qarabağ” yenə də öz oyununu göstərəcək və yoluna davam edəcək.
- Qarşıda “Qarabağ”ı Konfrans Liqasında “Gent”lə görüşlər gözləyir. Əgər yeni futbolçu gələrsə, onun adaptasiyası vaxt aparmayacaq?
- Unutmayaq ki, “Qarabağ” bundan əvvəl çox adlı-sanlı klublarla qarşılaşıb və onları məğlub edə bilib. İnanıram ki, “Qarabağ” “Gent”lə matçlarda da qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni əldə edəcək.
- İbrahima Vadji və Patrik Andradenin “Qarabağ”a qayıda biləcəyi haqda xəbərlər yayılıb. Səncə, onlardan hansının qayıdışı Ağdam klubu üçün daha yaxşı olardı?
- Həm Vadji, həm də Patrik çox yaxşı futbolçulardı. Hər biri “Qarabağ”a xeyir verə bilərlər. Əgər “Qarabağ” Kadini “Krasnodar”a satıbsa, demək ki, onun yerini tutacaq oyunçusu var.
- “Qarabağ”ın transferə ehtiyacı barədə nə deyə bilərsiz? Bir müddətdir ki, “Monako” və “Haddersfild” klublarında oynamış Adama Diakabinin transferi gündəmdədir…
- Qurban Qurbanovun oyunçu seçimini çox bəyənirəm. Həqiqətən də çox yaxşı işləyirlər. Yəqin ki, Diakabi də komandada saxlanılacaq. Ümid edirəm ki, “Qarabağ”ın gücünə güc qatacaq. Mən yerli oyunçularımızı böyük klublarda görmək istəyirdim.
- Səncə nəyə görə “Qarabağ”dan Avropa klublarına daim yerlilər deyil, legionerlər transfer edilir?
- Razılaşaq ki, “Qarabağ”ın legionerləri daha yaxşı oyun göstərir. Yerli futbolçularımızın onlarla oynayaraq artırmaları üçün çox böyük bir şansdır. Bununla da Avropa klublarına dəvət ala bilərlər. “Qarabağ”dakı yerlilər də çox yaxşı formadadırlar və özlərini ən yaxşı tərəfdən göstərirlər.