Azərbaycan milli komandasının sabiq baş məşqçisi, “Səbail”in çalışdırıcısı Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Azərbaycan millisi bu gün Avstriya önünə çıxacaq. Estoniyada qazanılan qələbədən sonra bu gün də millidən uğurlu nəticə gözləyirsiz?
- Əvvəla, eyforiyaya qapılmağa ehtiyac görmürəm. Hazırda dünya futbolunda hər komandanın öz yeri, öz çəkisi var. Bu gün pafos cümlələrlə deyək ki, Avstriya, İsveç və Belçikanı udmalıyıq, düzgün olmazdı. Çünki futbol proqnozu sevmir. Axı bu gün güclər bərabər deyil. Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var. Təsadüfi qələbə qazanmaq olar. Hansısa psixoloji hazırlıq, ya rəqibdəki arxayınçılıq, ya da rəqibdə əsas heyətin olmaması hesabına bunu etmək mümkündür. Amma bu o demək deyil ki, biz qalib gəlməliyik. Baxaq ki, bugünkü gündə İsveç, Belçika və Avstriya futbolundan nəyimiz çoxdur? Bu mənada, ehtiyatlı danışmalıyıq, reallığı qəbullanmalıyıq.
- Tallindəki qələbə komandaya psixoloji üstünlük qazandırıb?
- Əlbəttə, Tallindəki qələbə komandaya psixoloji sarıdan kömək olacaq, ruh yüksəkliyi gələcək. Komandamızın itirəcəyi bir şey yoxdur. Millimiz Avstriyaya uduzsa belə, heç kim onu qınamayacaq. Yaxşı futbol oynasalar, daha yaxşı olacaq. Estoniyada rəqibimizi udduq və böyük ölçüdə sonuncu pillədən qurtulduq. Nə qədər bacarırıqsa, nə qədər yaxşı oynayıb turnir cədvəlində yüksələ biliriksə, daha yaxşıdır. Amma heç vaxt reallığı unutmayaq.
- Avstriya ilə matçda millidən qələbə gözləyirsiz?
- Avstriyanı uda bilərik. Amma bu o demək deyil ki, oturuşmuş oyun, oturuşmuş qələbə hesabına olacaq. Sadəcə təsadüf nəticəsində nəyəsə nail ola bilərik. Rəqibin ciddi yanaşmaması da burada özünü göstərə bilər. Avstriya millisinin beş aparıcı oyunçusunun olmaması o demək deyil ki, zəifləyəcəklər. Onlar beş oyunçudan ibarət deyil, bu oyunlar üçün 23 futbolçudan ibarətdir. Hərəsi də bir-birindən yaxşıdırlar, yüksək səviyyəli klublarda oynayırlar.
- Maraqlıdır ki, indiyə qədər Azərbaycan Avstriya millisini məğlub edə bilməyib, yalnız Bakıda bir dəfə 0:0 oynaya bilmişik. Sizcə, onlarla oyunumuz niyə alınmır?
- Niyə biz Avstriyanı uda bilmirik? Bayaq dedim. Bizim futbolun nəyi Avstriya futbolundan üstündür, deyək ki, niyə qalib gələ bilmirik? Bəzən elə olur ki, sırf bir komanda ilə oyunun alınmır, amma qalanları ilə alınır, uğurlu nəticə qazanırsan. Amma təsadüfi qələbələri çıxmaqla, bizim hansı böyük komandalarla uğurlu nəticələrimiz var ki? Biz niyə Avstriyanı udmalıyıq? Hansı səbəblərə və göstəricilərə görə? Bu suala bir az pessimist yanaşıram. Əlbəttə, demirəm Avstriyanı uda bilmərik, təbii ki, onları da məğlub edə bilərik. Sadəcə oturuşmuş, qabağa hesablanmış oyun və güc hesabına görə deyil, təsadüf nəticəsində nəsə ola bilər.
- Əvvəllər milli ən azından hər tsikldə bir komandaya “badalaq” vura bilirdi, hansısa komandanı final mərhələlərinə yollanmaqdan edirdi. Son vaxtlarda bunu da millinin ifasında görmürük. İndi milli daha inamsızdır?
- Bəli, razıyam ki, hər tsikldə böyük komandalara başağrısı olmuşuq. Elə komanda olub ki, bizə görə qrupdan çıxa bilməyib. İsveç və Avstriyadan biri də ola bilər, bu da gözləniləndir. Millimiz tam da sıfır vəziyyətində deyil ki, düşünək ki, heç nə yoxdur, uda bilməzlər, xeyr. Udmaq üçün potensialları var, millimizdə çox yaxşı futbolçular toplaşıb. Çox şeyə nail ola biləcək futbolçulardır. Sadəcə reallıqlar və onları nəzərə almalıyıq.
- Coşqun Diniyev artıq millinin əsas üzvünə çevrilib və son matçları yaxşı səviyyədə keçirir. Türkiyəyə yollanması karyerasına da böyük təkan oldu...
- Coşqunun durumu adamı sevindirir. Əvvəl heç milliyə dəvət edilmirdi, çağırılanda da sona qədər ehtiyatda otururdu. Üç-beş dəqiqə şans qazananda, futboldan böyük xoşbəxtlik alırdı. Amma indi vəziyyət fərqlidir. Belçika, İordaniya və Estoniya oyunlarında millidə əsas heyətin dəyişməz üzvü oldu. Meydanın mərkəzində rəqibin hücumlarının qarşısını alıb, böyük iş həcminə görə mərkəzi bağlayıb. Bu qeyd etdiyim üç oyunda da rəqibin mərkəzdə üstünlüyü yox idi. Burada tək Coşqunun yox, Aleksey İsayev və Emin Mahmudovun, ümumilikdə o mövqedə oynayanların əməkləri böyükdür. Bu üçü bir-birini bağlayırlar və həm hücumda, həm də müdafiədə etibarlı oynaya bilirlər. Razıyam ki, Coşqun xaricə bir az gec getdi. Daha tez getsəydi, daha yaxşı olardı. Amma futbolçu üçün heç vaxt gec olmur. Türkiyədə oynadığı və məşq etdiyi, hazırlaşdığı iş qrafikinə, iş həcminə baxanda, Coşqun həqiqətən fiziki, atletik cəhətdən çox artırıb. Texnikası və ağılı var idi. Amma güc baxımından artırıb. Baxın, hər bir oyunun son dəqiqələrində belə, iş həcmi azalmır. Öz üzərində işləməlidir, çatışmayan cəhətləri çoxdur. Düşünürəm ki, Coşqun düzgün yol seçib. Ona atadan başqa, futbolçu kimi də uğurlar arzulayıram.