Şahruddin Məhəmmədəliyev: "Milli komandada oynamaq mənim üçün fəxrdir" - Müsahibə
20.03.2024 - 22:19
Şahruddin Məhəmmədəliyev: "Milli komandada oynamaq mənim üçün fəxrdir" - Müsahibə

Azərbaycan milli komandasının və "Adana Demirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.

- "Adana Demirspor" son matçında evdə "Sivasspor"a qalib gəlib. Həmin matçdan sonra milli komandaya yaxşı əhval-ruhiyyədə gəldin?
- Bəli, qələbə qazanaraq 3 xal qazanmaq çox vacib idi. Təbii ki, qələbə qazandığımız üçün şadam. Amma düzü, mən nəticədən asılı olmayaraq, Azərbaycan millisinin düşərgəsinə hər zaman yüksək əhval-ruhiyyədə gəlirəm. Çünki milli komandada oynamaq mənim üçün fəxrdir. Düzü, Bakı üçün çox darıxmışdım. Yenidən burada olduğum üçün şadam.

- "Adana Demirspor" 9-cu pillədədir. Amma üst pillələrdən uzaq deyilsiz. Səncə, avrokuboklara vəsiqə qazanmağınız reallaşa bilər?
- Bilirsiz, vəziyyət elədir ki, biz avrokuboklar zonasına da düşə bilərik, liqadan düşmə zonasına da. Ona görə də, heç nəyə köklənməməyə çalışıram. Sadəcə olaraq oyundan-oyuna irəliləmək lazımdır. Maksimum dərəcədə də xal toplamaq gərəkdir. Sonra isə necə olacağına görəcəyik. Biz ən yaxşısını etməyə çalışırıq.

- Türkiyə Superliqasında oynayan ilk azərbaycanlı qapıçısız. Bunun da əlavə məsuliyyətini hiss edirsən?
- Mən onsuzda, hər zaman məsuliyyəti hiss etmişəm. Ancaq siz dediyiniz məqam məndə təzyiq yaratmır. Azərbaycanı təmsil etdiyim üçün qürur duyuram. Bunu ən yaxşı şəkildə yerinə yetirməyə çalışıram. Hər oyunda ən yaxşısı üçün əlimdən gələni edirəm. 

- “Qarabağ"da oynadığın vaxtlarda təzyiqlər az olmurdu. "Adana Demirspor"da bu necədir? "Alanyaspor"la görüşdən sonra baş məşqçi səni əvəzləmişdi və çoxları düşünürdü ki, qarşıdakı görüşdə şans verməyəcək. Amma Hikmət Karaman yenə də qapıda sənə güvəndi...
- Təzyiq altında olmaq istəmirsinizsə, o zaman peşənizi dəyişdirməlisiz. Yüksəlməyə çalışdıqca təzyiq daha çox olacaq. Bu yüksəliş yolunun qaydasıdır. Ona görə də bunlar normal haldır. Sadəcə olaraq, vəziyyətin öhdəsindən gəlmək lazımdır.

- "Trabzonspor" - "Fənərbaxça" matçından sonra insident yaşandı. Yerli fanatlar meydançaya axışaraq "Fənərbaxça"nın futbolçuları ilə dalaşdı. Bu hadisələrlə bağlı mövqeyin necədir?
- Buna şərh vermək istəmirəm. Amma bircə onu deyə bilərəm ki, baş verənlər normal deyildi. 

- Azərbaycan millisini qarşıda "FİFA serias" turnirində oyunlar gözləyir. Artıq komanda ilk məşqinə çıxıb. Kollektivdəki ab-hava necədir? 
- Kollektivdə ab-hava yaxşıdır. Məşqlərimizi davam edirik. Qarşıdakı matçlara hazırlaşırıq. Çalışırıq ki, hər şey yaxşı olsun və məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirək.

- Milli komandamızda hazırda legioner həyatı yaşayan futbolçular çoxluq təşkil edir. Hansı ki, belə mənzərə çoxdandır ki, yox idi. Yəqin ki, legioner həyatı yaşayan oyunçularımızın çox olması milliyə xeyir verəcək?
- Bu haqda danışmaq hələ tezdir. Görək də, gələcəkdə bu nə dərəcədə faydalı olacaq. Amma təbii ki, legioner həyatı ciddi şəkildə fərqlənir. Milli komandada olan hamı yığma üçün ən yaxşısını etməyə çalışır.

- Azərbaycan millisini Bolqarıstan və Monqolustanla matçlar gözləyir. Səncə, Monqolustanla görüş Azərbaycan millisinə nə qazandıra bilər?
- Söhbət Azərbaycan millisinin oyunlarından gedir. Milli səviyyədə isə hər matç çox önəmlidir. Qarşıdakı oyunlarda da əsas məqsəd qələbədir.

- Millinin baş məşqçi postu boşdur, hələ ki, müvəqqəti olaraq Arif Əsədov təyin edilib. Onu tanıyırsınız, millimizdə ikinci məşqçi kimi çalışıb. Yəqin ki, Əsədovun tapşırıqlarını yerinə yetirmək, oyun stilini qavramaq çətin olmayacaq?
- Arif Əsədov təcrübəli mütəxəssisdir. Millidəki hamını çox yaxşı tanıyır. Məncə, heç bir problem olmayacaq. Bütün futbolçular yoxlama oyunlarda da komanda üçün ən yaxşısını etməyə çalışacaq. Hamımız yaxşı səviyyədə hazırlaşırıq, məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməyə çalışırıq.

writer photo
Əlirza Əlirzalı
0