"Şamaxı"nın legioneri Brahim Konate apasport.az saytına müsahibə verib.
- “Şamaxı” sabah ölkə kubokunun ikinci təsnifat mərhələsində “Şəmkir”lə qarşılaşacaq. Həmin matç haqda nə düşünürsən?
- Oyuna yaxşı hazırlaşmışıq. Təbii ki, məqsədimiz uğurlu nəticə əldə etməkdir. Ümidvaram ki, istədiyimiz nəticəni qazanarıq. Rəqibimizə və oyuna ciddi yanaşırıq.
- “Şamaxı” ölkə çempionatında son görüşünü “Qarabağ”a qarşı keçirdi və uduzdu. Həmin oyun haqqında nə düşünürsünüz? Sizcə, bu matçda xal və ya xallar qazana bilərdiniz?
- “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirik. Bunu dərk edirdik. Buna baxmayaraq, oyunboyu əlimizdən gələni etdik ki, matçdan xalla ayrılaq. Çox təəssüf ki, bunu etmək mümkün olmadı.
- “Qarabağ”la oyunda həyəcan, təşviş var idi, yoxsa çox rahat idin?
- Xeyr, heç bir narahatçılıq, təşviş yox idi. Çünki bu yalnız futboldur. Biz də peşəkar futbolçularıq. Meydana çıxıb öz komandam üçün ən yaxşısını etməyə çalışdım. Amma yaxşı, səviyyəli komandalara qarşı oynamaq həmişə maraqlıdır.
- Ümumiyyətlə, “Qarabağ” digər rəqiblərdən nə ilə fərqlənirdi? “Qarabağ” Premyer Liqanın ən çətin və güclü rəqibidir?
- “Qarabağ” avrokuboklarda oynamağa öyrəşmiş komandadır. Bu mənada, o komandada oynayan oyunçuların yaxşı səviyyədə olduğu da aşkardır. Heyətində çox yaxşı futbolçular var. Ona görə də, “Qarabağ” bu çempionatda qalib gələ biləcəyiniz ən çətin komandadır.
- Bu görüşdə mübahisəli epizod da oldu. "Qarabağ" ilk qolu penaltidən vurdu. Təyin olunmuş penalti qərarını sən necə şərh edəcəksən?
- Mən hakim deyiləm, ona görə də düzgün qərar olub-olmadığını mühakimə etmək mənim ixtiyarımda deyil. Amma ilk hissədə penalti şansımız da var idi. Hakim VAR-a baxmağa getsəydi, yaxşı olardı. Çünki mən tərəfdən görünürdü ki, Fabiyan Buntiç bizim oyunçumuza toxunmuşdu.
- “Şamaxı” kubok görüşündən sonra Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə” ilə oyuna çıxacaq. Həmin rəqib və oyun haqqında nə düşünürsünüz? İlk raundda məğlub etdiyiniz rəqibi yenidən məğlub edə bilərsinizmi?
- “Zirə” yaxşı komandadır. Dediyim kimi, hər oyuna xal almaq üçün başlayırıq. Oyun günü hazır olmaq üçün ən yaxşı şəkildə hazırlaşacağıq. İndi kubok görüşünə çıxaq. Həmin matçdan sonra isə “Zirə” ilə oyuna hazırlaşıb, onu düşünəcəyik. Hər halda, biz onsuzda istənilən görüşə uğurlu nəticə üçün çıxırıq.