Samir Abasov: "Sumqayıtlıların komandanı qınamağa haqqı yoxdur"
01.03.2024 - 23:14
Samir Abasov: "Sumqayıtlıların komandanı qınamağa haqqı yoxdur"

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edib (1:3).

Apasport.az xəbər verir ki," Sumqayıt"ın baş məşqçisi Samir Abasov matçdan sonra təşkil olunan mətbuat konfransında oyun haqda fikirlərini bildirib. 

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Rəqibi təbrik edirəm. Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məhdudiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq". 


- Heyəti gücləndirmək istiqamətində addımlar atılacaq?

- Bir Cordan Rezabalanı transfer etmişik. Transfer məsələsində ciddi hərəkət etməlisən. Cordan son matçını dekabrda oynayıb. 2 aydır futbolsuz qalıb. Məcburuq ki, çempionat oyunları ilə onu formaya salaq. Ehtiyat oyunçular skamyasının kasad olmağı bizə problem yaradacaq. Artıq bununla barışmalıyıq.

- Tribunalar boş idi. Sumqayıt sakinlərini stadiona necə cəlb etmək olar?

- Bu, bizim futbolun problemidir, səhərlərə bölməyək. Amma bir az sərt olacam. Həmişəki kimi kimlərinsə xoşuna gəlməyəcək. Fan klubumuza təşəkkür edirəm. Deyəcəklərimin onlara aidiyyatı yoxdur. Bu gün Sumqayıtda heç bir azarkeşin ixtiyarı yoxdur desin ki, niyə "Kəpəz"ə uduzdun. Bu ixtiyarın sahibi olmaq üçün gəlib komandanı dəstəkləmək lazımdır. Açılış matçında stadion dolu idi. Deməli sən bura futbolçulara, komandaya görə yox, müğənnilərə görə, Hissə görə gəlmisən. Get otur evində bax. Futbolçulara, komandaya nəsə demək istəyirlərsə, gəlsinlər stadionu doldursunlar. Açılış oyununda dəstəklərini göstərdilər. Gəlməyəcəklərsə, onlara görə uduzmayacağıq, özümüzə görə oynayırıq. Dünənə kimi stadion davası edən insanlar var idi. Bu cür stadion tikilib. Onlara görə oyunun vaxtını dəyiş ki, vaxt uyğun olsun. Oyuna 200 nəfər gəlir. Heç kimin danışmağa ixtiyarı yoxdur. Mən bunu bir sumqayıtlı kimi deyirəm.

writer photo
Əlirza Əlirzalı
0