Samir Abasovun “qara siyahısı” – 4-ü yeni transferdir
20.10.2022 - 11:45
Samir Abasovun “qara siyahısı” – 4-ü yeni transferdir

Biabırçı mövsüm keçirən və hələ də qələbə üzünə həsrət qalan “Sumqayıt” qış fasiləsində heyətində növbəti islahatlara hazırlaşır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, yenidən “gənclik şəhəri” təmsilçisinin sükanı arxasına gətirilən Samir Abasov qısa müddətdə “qara siyahı”sını müəyyənləşdirməyə başlayıb.

44 yaşlı çalışdırıcı, xüsusən də, bəzi əcnəbi oyunçuların xidmətində maraqlı deyil. Bunlar qazaxıstanlı yarımmüdafiəçi Rifat Nurmuqamet, portuqaliyalı orta sahə oyunçusu Filipe Çapi, şimali makedoniyalı müdafiəçi Todor Todoroski və niderlandlı arxa xətt oyunçusu Stiven Pereyradır. Baş məşqçi onlarla yanaşı, milliləşən yarımmüdafiəçi Murad Xaçayevin də əvvəlki performansından uzaq olduğunu düşünür.

Klub rəhbərliyinin bu məsələdə əl qolunu bağlayan amil isə Rifat və Muradın müqavilə müddətinin mövsümün sonuna, digərlərinin isə 2024-cü ilin yayına qədər olmasıdır. Futbolçuların hər biri ilə danışıq aparılacaq. Əgər onları təzminat ödəmədən ayrılmağa razı salmaq mümkün olsa, “Sumqayıt” qış fasiləsində heyətinə yeni oyunçular cəlb edəcək. Əks təqdirdə, bu ayrılıqlar mövsümün sonuna qalacaq.

Qeyd edək ki, Rifat Nurmuqamet, Filipe Çapi, Todor Todoroski və Stiven Pereyra “Sumqayıt”a yay fasiləsində keçib. Komanda 4 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşır.

writer photo
Əlirza Əlirzalı
0