Samir Əliyev: “Siyahıda yeni adlar görəcəksiniz” – Müsahibə
15.11.2023 - 16:41
Samir Əliyev: “Siyahıda yeni adlar görəcəksiniz” – Müsahibə

21 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi:

- Millimizin Latviya və Ukrayna ilə oyunlarına az qalıb. Komandanın hazırlığı necə gedir?
-İstər Latviya, istərsə də Ukrayna ilə oyunda bacardıqca mübarizə aparacağıq. Əlbəttə, layiqli nəticə qazanmaq istəyirik. Bundan əvvəl şans verə bilmədiyimiz bir neçə futbolçu var idi. Çalışacağıq ki, bu oyunda onlara da şans verək. Bununla həm beynəlxalq oyun təcrübələri artar, həm də özlərini göstərməyə imkan taparlar.

- Ötən ayla müqayisədə komandada hansı dəyişikliklər görə biləcəyik?
-Siyahıda yeni adlar görəcəksiniz. Həm əsas, həm də əvəzedici heyətlərin çempionatında dəyişikliklər var. Oyunları izləyirik  və özlərini göstərə bilən futbolçuları çalışırıq ki, milliyə cəlb edək. Yəni, onlara şans yaradırıq ki, yaxşı tərəfdən özlərini göstərə bilsinlər. Qarşıdan gələn Latviya ilə oyunda onlara şans verəcəyik.

-Millimiz Ukrayna yığması ilə qarşılaşacaq. Güclü rəqiblə matçda xal qazanmaq üçün komandamıza nə lazımdır?
-Ukrayna hazırda qrupumuzun lideridir. İngiltərə kimi komandanı 3:2 hesabıyla məğlub etdilər. Yetərincə güclü heyətə sahibdirlər. Buna baxmayaraq, komanda olaraq layiqli mübarizə aparmağa çalışacağıq. Ukraynaya qarşı yaxşı müqavimət göstərib xal qazanmaq istəyirik.

-Əsasən hansı klublardan oyunçular cəlb olunub?
-Siyahıda “Neftçi” ilə bərabər, əsas komandadan, əvəzedici heyətdən, başqa klublardan çağırılan futbolçular var. Biz istəyirik ki, ədalətli seçim edək. Əlbəttə ki, kənarda qalan futbolçular da var. Onlar da daim bizim diqqətimizdədir. Növbəti təlim məşq toplanışlarında da nəzərimizdə olan futbolçulara şans verəcəyik.

- Əsas millidən U-21-ə gələn oyunçular arasında sizi əsas kimlər razı saldı?
-A millidən gələnlər də, bizdə olan futbolçular da məşqlərdə və oyun vaxtı istəyirlər ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Məşqçilər korpusu olaraq heç kəsdən narazılığımız yoxdur.

-Komandaya ölkə xaricindən legioner cəlb etmişdiniz.  İrəlidə güclü legioner, yoxsa yerli oyunçu strategiyasını əsas götürəcəksiniz?
-Ölkə xaricində oynayan 2 futbolçu var: Ramin Nəsirli Latviya,  Murad Vəliyev isə Estoniya çempionatında oynayır. Fərqi yoxdur, biz xaricdə, yerli çempionatda oynayan futbolçular arasında fərq qoymuruq. Kimlər daha hazırlıqlıdırsa, çalışırıq onlara daha çox şans verək.

-Çox istəyib də, yığmaya çağıra bilmədiyiniz oyunçular varmı?
-Əlbəttə, elə futbolçular var ki, təlim məşqlərə dəvət almayıb. Ancaq, bizim siyahımızda var. Növbəti oyunlarda çalışacağıq ki, onlara şans verək .

- U-21 millimizin üzvlərinin Premyer Liqadakı çıxışını necə dəyərləndirirsiz?
-Təəssüf ki, Premyer Liqada U-21 millimizin üzvlərinin sayı çox azdır. Az olduğuna görə də, nəsə fikir bildirmək çətin olur. Əgər oyunçuların sayı heç olmasa 10-15 olsaydı, daha rahat fikir bildirə bilərdim...

writer photo
Əlirza Əlirzalı
0