Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ
15.09.2023 - 12:41
Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi

- Yayda Azərbaycandan Türkiyəyə gedən futbolçuların sayı az olmadı. Şahruddin Məhəmmədəliyevin "Qarabağ"ı "Adana Dəmirspor"a dəyişməsini necə qarşıladın? 
- Düşünürəm ki, nə qədər çox azərbaycanlı futbolçular xaricdə oynasa, o qədər yaxşıdır, Azərbaycan üçün də xeyirdir. Çünki Avropada, dünyada bizim futboldan heç kimin xəbəri yoxdur. Futbolumuzun dünya reytinqi da çox aşağıdır. Ona görə də, xarici klublar dünya futbolun reytinqdə yuxarıda olan ölkədən, amma bəlkə də bizimkilərdən zəif olanlara üstünlük verirlər. Ya da fiziki güclü afrikalı futbolçulara üstünlük verirlər. Ona görə düşünürəm ki, Azərbaycan futbolunu tanıtmaq üçün bizimkilər imkan olan kimi xaricə yollanmalıdır. Bu, həm özləri, həm də futbolumuz üçün şansdır. 

- Şahruddinin Türkiyənin iddialılarından hesab edilən "Adana Dəmirspor"da əsas qolkiper olacağına inamınız var? 
- O, çox yaxşı qapıçıdır. Kifayət qədər də təcrübəlidir. Şahruddin millimizin 1 nömrəsidir. “Qarabağ”ın uzun müddət əsas qapıçısı oldu. Təbii ki, Türkiyədə heç kim ona əsas qapıçı olacağına söz vermir. Hər şey özündən asılıdır. Düşünürəm ki “Adana Dəmirspor”un əsas qolkiperi olacaq gücdədir. Onun Türkiyə çempionatına yollanmasına çox sevindim. Uğurlar arzu edirəm.

- Məhəmmədəliyev “Qarabağ”ın avrokuboklardakı çıxışı zamanı etdiyi səhvlərə görə çox tənqid edildi. Düşünmək olar ki, təzyiqlərdən uzaqlaşmaq üçün Türkiyəyə yollandı?
- “Qarabağ”dan nəyə görə ayrıldığını demək çətindir. Düzdür, son vaxtlar səhvlərə görə çox tənqid olundu. Amma bu, futboldur. Yaxşı oynayırsan, səni sevirlər, 1-2 səhv edirsən sevgi nifrətə dəyişə bilər və tənqid edilirsən. Bütün peşəkar idmançılar bu amili bilirlər, amma kimsə bunu rahat qəbul edir, kimsə yox. Bəlkə də, Şahruddin sadəcə psixoloji olaraq artıq yorulub və bu cür qərar verib. Yenə də düşünürəm ki, düzgün addım atıb. Yeni ölkə, yeni komanda, yeni çağırışdır, bu, Şahruddinə əlavə motivasiya verəcək. 

- Türkiyə Superliqasına yollananlardan biri də Renat Dadaşov oldu. Volkan Demirelin rəhbərlik etdiyi "Hatayspor"da çıxış edəcək. Renatın Superliqada oynayacaq səviyyədə olduğunu düşünürsən? 
- Renatla bağlı nəsə deyə bilməyəcəm. Şahruddindən fərqli, onun karyerası və həyat tərzindən çox xəbərimiz yoxdur. Renatın oyununu ancaq millidə görürük. Renat klubları tez-tez dəyişir, heç bir komandada möhkəmlənə bilmir. Bu nə ilə bağlıdır, demək çətindir. Biz yalnız ümid edə bilərik ki, “Hatayspor”da möhkəmlənsin və daim oynasın ki, millimizə də xeyri olsun.

- Millimizin digər iki oyunçusu Coşqun Diniyev və Bəxtiyar Həsənalızadə də Türkiyəyə yollandı, ancaq birinci liqada çıxış edəcək. Demək olar ki, yerli statusu ilə oynamaqları azərbaycanlı futbolçulara Türkiyəyə getmək yolunda kömək oldu?
- Statusla bağlı deyim ki, bu çox yaxşı qaydadır. Bu qayda bizimkilərə əlavə stimul verir ki, Türkiyə yollansınlar. Coşqun və Bəxtiyar Azərbaycan səviyyəsində çox yaxşı futbolçulardır. Türkiyə birinci liqası çox yaxşı çempionatdır. Orada səviyyəli oyunçular oynayır və ölkədə birinci liqaya da maraq böyükdür. Türkiyədə həm təcrübə qazanacaqlar, həm də öz futbollarının səviyyəsini bir pillə yüksəldəcəklər. Birinci liqadan Superliqaya çıxmaq da mümkündür. Yenə də, hər şey Bəxtiyarın, Coşqunun öz əlindədir, özündən asılıdır. Hamısına uğurlar arzulayıram. 

- Son vaxtlar daha çox Bəhlul Mustafazadənin etibarlı və döyüşkən oyunu ilə diqqət mərkəzinə düşüb. Hətta İordaniya ilə matçı ikinci yarıda kapitanlıq sarğısı ona tapşırıldı. Mustafazadə Avropada oynayacaq gücdədir? 
- Bəhlul çox yaxşı futbolçudur. Tez inkişaf edən futbolçulardandır. Son iki ildə stabil, etibarlılığı ilə seçilir. Bu da müdafiəçi üçün çox vacib məqamdır. Düşünürəm ki, Bəhlul artıq xarici klublarda oynamaq üçün yetişib. Çünki Azərbaycan çempionatında qalsa, onun inkişafı da dayanacaq. O, artıq Avropada oynamalıdır. Amma digər tərəfdən baxanda, Bəhlul “Qarabağ”ın oyunçusudur. Bu klub hər il avrokuboklarda iştirak edir və Bəhlul hər həftə Avropa səviyyəsində oyun görür. Ona görə inkişaf edir. “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir. Amma belə olan məqamda 1-2 il də “Qarabağ”da qalsın inkişaf etsin. Təbii ki, əgər variant varsa, səviyyəli çempionata, avrokuboklarda oynayan komandaya getmək, onda deyərdim ki, 100 faiz getməlidir.

writer photo
Əlirza Əlirzalı
0