Sənan Süleymanov: “Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim”
22.09.2023 - 13:01
Sənan Süleymanov: “Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim”

“Çox gözəl hisslərdir. Düzdür, daha öncə də dünya çempionatının finalına çıxmışam. Bu yarış mənim üçün çox vacib idi”. 

Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanov (77 kq) deyib. 

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələn pəhləvan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyasını da təmin edib. O, bu uğurla bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb: “Bir neçə yarışda müəyyən səbəblərə görə nəticə verə bilmirdim. Komanda yoldaşlarım da, məşqçilərimiz də bilir ki, mən yarışlara necə hazırlaşırdım. Sadəcə, bəzi səbəblərdən alınmırdı. Ancaq bu dünya çempionatında sözümü dedim. Finala çıxdım və Olimpiadaya vəsiqə qazandım. Qırğızıstanlı Akjol Mahmudovla qarşılaşacağam. Revanş almağa çalışacağam. Ən böyük arzum dünya çempionu olmaqdır”.

Süleymanov keçirdiyi görüşlər barədə də danışıb: “5 rəqiblə qarşılaşdım. Hamısı çox çətin oldu. Əsas da ilk görüşü qeyd edərdim. Finlandiyalı güləşçi U-23-lər arasında dünya çempionu idi. Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim. Çünki son yarışlarda uğur qazana bilmirdim. Daha sonra amerikalı güləşçiylə üz-üzə gəldim. Təhlükəli rəqib idi. Onu da keçdikdən sonra həm fiziki, həm də taktiki-texniki cəhətdən güclü olan Moldova idmançısıyla qarşılaşdım. Hər görüşə uyğun taktika seçirdim. Görüş ərzində aktiv güləşməyə çalışırdım ki, hakimlərin əleyhimə qərarlar çıxarmasına şans verməyim. Əvvəldən sona kimi mübarizə apardım. İstədiyim güləşi göstərə bildim. Mən uduzanda belə yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu uğurumu onlara həsr edirəm”. 

O bildirib ki, bu gün keçiriləcək finalda revanş arzusundadır: “İslam Həmrəyliyi Oyunlarının finalında parter vəziyyətinə görə Akjola məğlub olmuşdum. Bu dəfə qalib gəlməyə çalışacağam. Bura çempion olmağa gəlmişəm. İnşallah, qalib gəlməklə həm arzumu yerinə yetirərəm, həm də qələbəmi xalqımıza həsr edərəm. Digər komanda yoldaşlarıma da uğurlar arzulayıram. Hamısı buna layiqdir. İnşallah, həm Olimpiadaya lisenziya, həm də medallar qazanarlar”.
 

writer photo
Əlirza Əlirzalı
0