Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
11.02.2023 - 13:13
Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ

“Neftçi”nin sabiq şimali makedoniyalı futbolçusu Slavko Georgiyevskinin apasport.az saytına müsahibəsi 

- Hazırda işlərin necə gedir? Bir müddət əvvəl aşağı liqada işləyirdin. İndi harada çalışırsan?
- Bəli, ötən mövsüm birinci liqada işləyirdim. İndi isə artıq yüksək liqada çalışıram. "Skopye"nin baş məşqçisiyəm. 

- Məşqçi kimi işin çox olsa da, Azərbaycan futbolu ilə maraqlanmağa vaxt tapırsan? 
- Əlbəttə, hər zaman Premyer Liqanı izləyirəm. Çünki ürəyim hər zaman Azərbaycanın yanındadır. Bu dövrdə ən maraqlı olan yeni transferlər və çempionatın fasilədən sonra yenidən start götürməsi idi. Demək olar ki, hər turun nəticələrindən xəbərdaram, gündəmi də izləyirəm.

- Sənin üçün doğma sayılan "Neftçi" hazırda Premyer Liqada üçüncü pillədir. Bu klubun "Qarabağ" və "Sabah"dan sonra üçüncü pillədə yerləşməsi sənin üçün gözlənilməz deyil?
- Eh, mənim "Neftçi"m.... Üçüncü pillə....Mən hər zaman "Neftçi"liyəm, bu komandaya həmişə azarkeşlik etmişəm və hər zaman da belə olacaq. Düzünü deyim, komandanın üçüncü pillədə yerləşməsi mənim üçün gözlənilməzdir. "Neftçi"ni hər zaman ən yuxarıda görürəm. 

- "Neftçi" iki il əvvəl Azərbaycan çempionu olmağı bacardı. Amma ondan sonra yenə "Qarabağ" dominantlıq etməyə başladı. Səncə, bunun ardını niyə gətirə bilmədi?
- Bəli, çempionluqdan sonra komanda o qədər də yaxşı getmir. Amma "Neftçi"nin çempionluğu sürpriz deyildi və elə olmamalıdır. "Neftçi" daim birinci olmalıdır. Çünki bu klubun tarixi, böyük azarkeşi var. Ümid edirəm ki, yenə də çempionluqlar gələcək.

- Səncə, nə etmək, nəyi dəyişmək lazımdır ki, "Neftçi" yenidən güclü olsun, dominantlıq etsin?
- Bu, "Neftçi" rəhbərliyinə veriləcək sualdır. Çünki hər kəsin öz ideyası var ki, klub necə inkişaf edib, irəliləyə bilər. Ona görə, nəsə deyə bilmərəm.

- Komandanı rumıniyalı mütəxəssis Laurentsiu Regekampf çalışdırır. Bəlkə, o, işinin öhdəsindən gələ bilmir, yoxsa, heyət güclü deyil?
- Regekampfı tanıyıram. Deməzdim ki, o, buna qadir deyil. Hər məşqçinin öz oyun üslubu var. Rumıniyalı da şans qazanıb və futbolçuları seçir, yaxşı seleksiya edir. Amma istənilən halda, hazırkı nəticənin günahkarı da Laurentsiu Regekampfdır. Belə düşünürəm. Çünki nəticə yoxdursa, baş məşqçi həmişə günahkardır. 

- "Neftçi"də oynadığın dönəmdə heç ağlından keçərdi ki, illər sonra "Qarabağ" Azərbaycanda dominant olan yeganə klub halına gələcək? 
- "Qarabağ" çox yaxşı inkişaf etdi və klub olaraq yaxşı işlər gördü. İldən-ilə oyunun səviyyəsini də inkişaf etdirdi. Oyunçularını hər zaman dəyişmədi və bu siyasət nəticəni göstərir. Biz Arif Əsədovla birlikdə başlamışdıq, çempionatı qalib başa vuran komanda yaradıldı, özü də böyük xal fərqi ilə çempionluğu qazandıq. Sonradan isə onu başqası ilə dəyişdilər. Halbuki, həmin komanda ikinci il də çempionluq yaşadı.

- "Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanandan sonra bunu təkrarlaya bilmədi. "Qarabağ" isə ardıcıl 10 ildir ki, bunu edir. Bəs bunu nə ilə əlaqələndirmək olar?
- Bəli, bir dəfə qrupa düşmüşdük. Bilirsiz, gərək səviyyəni qaldırasan, dəyişməyəsən. Öz futbolçularının səviyyəsini də yüksəltmək lazımdır. Bununla yanaşı, maksimum 5-6 legioner dəvət etmək lazımdır. O da, fərq yarada biləcək legionerlər. Hansı ki, yerli gənclər həmin legionerlərdən nəsə götürə bilsinlər.  

- Bakıya gələrək "Neftçi"nin oyununu canlı izləmək, sabiq komandanın qonağı olmaq planın var?
- İmkanım olan kimi, gələcəm. İndi sadəcə işlərim çoxdur. Yayda işsiz olsaydım, Bakıya mütləq gələcəkdim. Amma boş vaxtın olan kimi paytaxtınıza bilet alacam. 

- Sən burada oynadığın dönəmdə Azərbaycanda şimali makedoniyalı futbolçuların sayı çox idi. İndi isə cəmi iki Premyer Liqada 2 həmyerlin var. Bunu nə ilə əlaqələndirmək olar?
- Klub rəhbərlikləri bu cür düşünür. Bəlkə də Şimali Makedoniyada elə də yaxşı skautlar yoxdur ki, futbolçularımızı Azərbaycan klublarına təklif etsin.

writer photo
Əlirza Əlirzalı
0