“Hər iki komanda bir-birinə hörmət edir. Ümumiyyətlə, istənilən klubun güclü və zəif tərəfləri olur".
Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis mətbuat konfransında sabah baş tutacaq ilk duellə bağlı fikirlərini bölüşüb: “Sabah oyun zamanı bütün müsbət və mənfi tərəfləri düşünməliyik. "Qarabağ" çox güclü komandadır. Bunu da nəzərə almaq lazımdır".
- Əvvəlki mərhələdə "Slovan"la görüşlərinizdə favorit rəqib komanda idi. "Qarabağ"la duelinizdə favorit hansı komandadır?
- "Slovan"a evdə uduzduğumuz üçün rəqib favorit sayılırdı. Sabah isə hər şey sıfırdan başlayacaq. Başa düşürük, rəqib öz meydanında çıxış edəcək. Bu, onlar üçün əlavə üstünlükdür. Yalnız bu baxımdan onlar favorit göstərilə bilər. Amma mən bu cütlükdə indi kimisə favorit saymazdım. Sabahkı matç kimin favorit olduğunu göstərəcək.
- Sabah "Qarabağ"a qarşı müdafiə, yoxsa hücum futbolu göstərməyi planlaşdırırsınız?
- İlk növbədə bizim özümüzün müəyyən üslubu var. Bundan əlavə rəqibin öz meydanında necə oyuna imkan verməsindən də çox şey asılı olacaq.
- Həmkarınız Qurban Qurbanov artıq 14 ildir "Qarabağ"ı çalışdırır. Sizcə, baş məşqçiyə hansı keyfiyyətlər lazmdır ki, bu qədər uzun müddət komandaya rəhbərlik edə bilsin?
- Bu qədər uzun müddət komandanı idarə etmək üçün işini, klubu sevmək, mükəmməl çalışmaq, uğur qazanmağın yollarını bilmək və rəhbərliklə dil tapmaq lazımdır.
- Hücumçunuz Frank Bolinin zədəsi nə yerdədir?
- Boli zədə səbəbindən son matçımızı buraxmışdı. Artıq iki gündür kollektivlə birlikdə məşq edir. Ümid edirəm ki, sabah oynaya biləcək.
- "Qarabağ"ın ardıcıl 8 il avrokubokların qrupunda oynaması "Ferensvaroş"u rəqibdən çəkinməyə məcbur edirmi?
- Bu onu göstərir ki, "Qarabağ" yüksək səviyyəli komandadır və bu səviyyədə qalmağı bacarıb. Ancaq rəqibdən çəkinmək yox, onun oyununu təhlil etmək və qalib gəlməyə çalışmaq lazımdır.
- "Ferensvaroş" bu mövsüm adətən cavab oyunlarında effektli olur və böyükhesablı qələbə qazanır. Bu onu göstərir ki, ilk görüşdən sonra rəqibi daha yaxşı öyrənir və qalib gəlirsiniz?
- Məsələ onda deyil ki, əvvəlcə rəqibi öyrənirik, sonra qalib gəlirik. İstənilən halda rəqibin qiymətləndirməsini hər iki matçdan sonra aparırıq. Elə vaxt olub ki, ilk oyunda qələbə qazanmışıq. Birinci görüş rəqibi qiymətləndirmək üçün əsas deyil. Hər şey iki matçın nəticəsindən asılıdır.
- Rusiya klubları avrokuboklardan kənarda qaldıqdan sonra bütün ölkə "Ferensvaroş"un nəticələrinə xüsusi maraq göstərir. Bu amil sizə nə dərəcədə motivasiya verir?
- Təsnifat mərhələsində çıxış etdiyimiz üçün komandamıza olan maraq təbiidir. Bunda təəccüblənməli heç nə yoxdur.
- Tofiq Bəhramovun adını daşıyan stadionda futbolçu kimi də oynamısınız. Bu arenanın sizin üçün xüsusi əhəmiyyəti varmı?
- Tofiq Bəhramov təkcə keçmiş Sovet dönəmində deyil, bütün dünyada məşhurdur. Bir neçə dəfə bu stadionda oynamışam. Səhv etmirəmsə, sonuncu dəfə "Lokomotiv"in heyətində "Neftçi"yə qarşı çıxış etmişəm. 1:1 hesabı ilə başa çatan həmin görüşdə İqor Ponomaryov mənim durduğum qapıya penaltidən qol vurmuşdu.
Ruslan Sadıqov