Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Sent Patriks” oyunundan öncə qonaqların baş məşqçisi Stefan Kenni mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Oyuna tam hazırlaşa bilmisiniz?
– Bəli. Uzun yoldan gəlmişik və həftəsonu çempionatda ağır matç keçirmişik. Buna baxmayaraq, oyuna hazırlaşmışıq.
– Çempionatda oyunun təxirə salınmasını istəmisiniz. Demək olar, pley-off mərhələsinə köklənmisiniz…
– Bizim komandamız imkanlı və böyük deyil. Həm də maliyyəmiz geniş deyil ki, hər iki turnirə yaxşı hazırlaşaq. Çoxmillətli klub deyilik. Sabahkı oyun ağır olacaq. Hədəfimiz sərfəli nəticə qazanıb, mərhələ adlamaqdır.
– Sabah uduzsanız, bunu həzm edə biləcəksiniz?
– Futbol baxımından normal haldır. “Sabah” ambisiyalı və bizdən daha imkanlıdır. Məğlub olsaq, normal qarşılayacağıq.
– Səhv etmirəmsə, ikinci səfərinizdir Bakıya. Daha əvvəl İrlandiya yığması ilə gəlib, yaxşı nəticə ilə qayıtmışdınız. Bu dəfə necə düşünürsüz?
– Həmin vaxt çox yaxşı qələbə qazanmışdıq. Ümid edirəm, yenə elə olar. Bu dəfə fərqli oyundur. Hər iki komanda mərhələ adlamaq istəyir.
– Büdcəni qabartdınız. İki komandanı müqayisə etsəniz, hansı mənzərə ortaya çıxar?
– Maliyyə mütəxəssisi deyiləm, müqayisə edə bilmərəm. Futbola köklənmişik.
– “Sabah”ın sizdən hansı üstün tərəfləri var?
– “Makkabi” ilə oyunu misal çəkmək olar. Güclü komandaya qalib gəldilər. Çətin görüş olacaq. Özümüzü bu matça kökləmişik.