“Sumqayıt”ın futbolçusu: “Avrokuboklar üçün oynayacağıq” - Müsahibə
11.12.2023 - 16:21
“Sumqayıt”ın futbolçusu: “Avrokuboklar üçün oynayacağıq” - Müsahibə

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov apasport.az saytına müsahibə verib:

-Son turda komandanız evdə "Qarabağ"a böyük hesabla məğlub oldu. Matçdan əvvəl belə hesabın olacağını ehtimal edirdiniz?
-Bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki rəqibin gücü hamıya bəllidir. Üstəgəl, bizim çox itkilərimiz oldu. Amma buna baxmayaraq, evdə oynayırdıq. Belə nəticə gözlənilməz oldu. Ancaq bunu tez unutmaq lazımdır. Son iki oyunda qələbə qazansaq, hər şey yerinə oturacaq.

-"Qarabağ"ın qarşısını almaq həqiqətən də çətin idi, yoxsa şanssızlıqdan belə hesab alındı?
-Həqiqətən bizim üçün çətindir. Şanssızlığımız da oldu. Zədələrlə bağlıdır. Çox oyunçumuz məcburiyyətdən bizə kömək edə bilmədi.

-Bu mövsüm iki böyük hesablı məğlubiyyətiniz var, o da "Qarabağ"la matçlarda. Qarşıda isə hələ iki dəfə də onlarla oyun olacaq. Ehtimal edirsən ki, həmin iki oyunun birində heç olmasa "Qarabağ"ın qarşısını alacaqsınız?
-Əlbəttə, özümüzə inanırıq. Gələcək matçlarda xallar almaq istəyirik. Hər şey mümkündür. Gələn oyunlara hələ çox var. Hazırlaşacağıq. İnanıram ki, hər iki oyunda da xallar qazanmağımız mümkündür.

-"Sumqayıt" hazırda dördüncü pillədədir. Yəqin ki, sizi razı salan nəticədir? Qarşıdakı "Kəpəz" və "Səbail" matçlarından altı xalla ayrılmaq ehtimalınızı necə dəyərləndirirsən?
-Biz indi yaxşı formadayıq, yaxşı da yerdəyik. Bu bizə motivasiya verir. Son iki oyunda altı xal götürsək, bizim üçün çox yaxşıdır. Ciddi hazırlaşacağıq. Komanda buna nail ola bilər. Tam olaraq inanıram.

-Ölkə kubokunda da sizi "Karvan"a qarşı matç gözləyir. Yevlax klubu birinci liqanın iddialılarından hesab edilir...
-Hələ ölkə kubokuna kimi vaxtımız var. Əlbəttə ki, ciddi hazırlaşacağıq. Çünki arada "Karvan"ın oyunlarına baxıram, yaxşı komandadır. Biz isə mərhələni keçmək istəyirik. Meydana da bunun üçün çıxacağıq.

-Ötən mövsüm "Sumqayıt" heç də uğurlu deyildi. Amma bu mövsüm daha yaxşı yerlərdədir. Yəqin ki, turlar keçdikcə avrokuboklara düşmək də istəyirsiz? Səncə, avrokuboklara yollanmaq mümkündür?
-Keçən ilki vəziyyət heç də ürəkaçan deyildi. Ona qayıtmaq istəməzdim. Amma bu il biz yaxşıyıq. Oyunumuz düzəlib, nəticə də göz qabağındadır. Son iki turda altı xal götürsək, qışdan sonra avrokuboklar üçün oynayacağıq.

writer photo
Əlirza Əlirzalı
0