“Birinci hissə “Qarabağ”ın üstünlüyü şəraitində keçdi”.
Apasport.az saytının məlumatına görə, bunu “Sürix”in baş məşqçisi Franko Foda Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a Bakıda 2:3 hesabı ilə məğlub olduqları ilk oyundan sonra deyib.
56 yaşlı almaniyalı çalışdırıcı görüşdən sonra təşkil edilən mətbuat konfransında bu fikri səsləndirib: “Qarabağ” ilk dəqiqələrdə təzyiqi artırdı, 2:0 ədalətli nəticə idi. Rəqib oyun oynamağımıza imkan vermirdi. Amma ikinci hissədə şanslar yaratdıq, təzyiqə dözdük və ikinci qolu vurduq. Birinci hissəni “Qarabağ”ın, ikinci hissəni bizim aktivimizə yazmaq olar”.
- Oyun ərzində tez-tez taktiki dəyişikliklər etməyinizə sizi “Qarabağ” vadar edirdi?
- Bəli, hiss elədik ki, ilk hissədə rəqibi saxlaya bilmirik. “Qarabağ” topu çox yaxşı saxlayırdı. İkinci hissədə 3-4-3 sisteminə keçdik, cinahlara üstünlük verdik. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 ədalətli nəticə olardı.
- 2:3 hesabına hədsiz sevinirdiniz. Cavab matçı üçün şansları necə görürsünüz?
- Komandam uduzanda heç vaxt sevinə bilmərəm. Əsas nəticə ikinci oyundan sonra olacaq.
- Hər üç topu künc nöqtəsindən buraxdınız. Bu sizi narahat eləmir?
- Mənim qollara baxmağa hələ imkanım olmayıb. Bunu sabah təhlil edəcəyik. Əsas odur ki, ikinci hissədə komanda ruhunu itirmədi, dönüş etdi, qollarını vurdu. “Qarabağ”ın üstünlüyü odur ki, çempionat oyunu yoxdur, cavab oyununa rahat hazırlaşacaq. Bizim isə şənbə günü çempionat matçımız olacaq.
- Oyundan əvvəl təhlil etdiyiniz “Qarabağ”da hansısa yeniliklər gördünüzmü?
- Təzə bir şey görmədim. “Qarabağ”ı təhlil etdiyim şəkildə gördüm. Birinci hissədə bir epizodda penalti epizodumuz oldu, bəlkə də vermək olardı.
- Hesabı 1:2 etsəniz də, dərhal qapınızda top buraxdınız. Həmin anı necə şərh edə bilərsiniz?
- Belə səhvlərə yol vermək olmaz. Biz müdafiədə səhv elədik və qol buraxdıq. Amma bunun həlledici olmadığını düşünürəm.
- Hesab oyuna görə oldu? Havanın küləkli olması çıxışınıza necə təsir etdi?
- Küləyin heç bir təsiri olmadı. Sürətli oyun izlədik. İkinci hissəni nəzərə alsaq, Şahruddin gözəl seyvlərlə komandasını xilas etdi. Birinci hissədə də bizim bəxtimiz gətirdi. Bəlkə də, 3:3 və ya 4:4 hesabı ədalətli nəticə olardı. Son olaraq qonaqpərvərliyə görə təşəkkür edirəm. Eyni qonaqpərvərliyi də biz Sürixdə göstərməyə çalışacağıq.