Taekvondoçumuzdan tarixi nailiyyət!
29.07.2022 - 19:52
Taekvondoçumuzdan tarixi nailiyyət!

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir. 

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mundialın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb. 

Yığma üzvü Mehdi Budaqlı ölkəmizin taekvondo tarixinə düşüb. 33 kq çəki dərəcəsində mübarizə aparan idmançı keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub. 

Budaqlı mundialda mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk döyüşündə kanadalı Levi Qavası yeni qaydalara əsasən raund hesabında məğlub edib - 2:0. Taekvondoçumuz ardınca Dieqo Qerubiniyə (Avstraliya), Conatan Haimiyə (İsraill) və Nelson Dedeqbeniyə (Fransa) 2:0 ilə qalib gələrək yarımfinala adlayıb.
Mehdi finala vəsiqə uğrunda moldovalı Maksim Kravçenkoya da şans verməyib (2:0).

İnamlı döyüş sayəsində həlledici görüşə adlayan taekvondoçumuz uğurlu seriyanı davam etdirib. Finalda özbəkistanlı Dilmurod Marufcanovla qarşılaşan Mehdi yenə də dayanqdan 2:0 hesablı qələbə ilə ayrılıb və mundialın qızıl medalına yiyələnib. 

Bununla da, 14 yaşlı taekvondoçu tarixi uğurumuzu rəsmiləşdirib. O, dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalıb. 

Qeyd edək ki, Sofiyada keçirilən mundail iyulun 31-də başa çatacaq. 

writer photo
Əlirza Əlirzalı
0