Tahir Gözəl: "Qalatasaray"dan əvvəl "Beşiktaş"la da söhbətimiz olmuşdu"
25.03.2023 - 20:38
Tahir Gözəl: "Qalatasaray"dan əvvəl "Beşiktaş"la da söhbətimiz olmuşdu"

"Bilirsiz ki, bu yaxınlarda Türkiyədə böyük faciə baş verdi. Azərbaycan dövləti, xalqı öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi. Türkiyəyə böyük yardımlar edildi".

Apasport.az-ın xəbərinə görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, "Qalatasaray"la sabah keçiriləcək matç öncəsi brifinqdə bildirib ki, "Qalatasaray"dan əvvəl belə xeyriyyə matçı üçün "Beşiktaş"a da müraciət olunub: "Çox sevinirəm ki, "Qarabağ” və “Qalatasaray” əl-ələ verib, Türkiyənin bu ağır durumunda kömək və dəstək üçün bir yerə gəldilər. Belə möhtəşəm oyunu təşkil etmək imkanımız oldu. Sabah gözəl gün olacaq. Stadionda möhtəşəm ab-havanın olacağını düşünürəm. Azarkeşlərin əlində 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı dalğalanacaq. Millidə çıxış edən oyunçularımız bizimlə deyil. Bəzi oyunçuları geri çağırdıq. Sabah kimin qalib gəlməsinin önəmi yoxdur.  Əsas odur ki, 2 qardaş ölkənin komandaları üz-üzə gəlir. Biri Azərbaycan çempionu, digəri Superliqanın hazırkı lideridir.

Oyunu keçirmək təklifi hər 2 tərəfdən oldu. Biz təklif etdik, “Qalatasaray” tərəfi də müsbət cavablandırdı. Bundan əvvəl “Beşiktaş”la da söhbətimiz olmuşdu. Sadəcə, “Qalatasaray”dan konkret addım gəldi. Bu cür oyunun olmasını çox istəyirdik. Qismət bu vaxta imiş".

Qeyd edək ki, "Qarabağ" – "Qalatasaray" matçı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0