Tahir Gözəl: “Qarabağ”a inanıram”
16.02.2023 - 16:54
Tahir Gözəl: “Qarabağ”a inanıram”

“Əvvəlcə qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı türk xalqına başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə Bakıda keçiriləcək ilk oyunu ərəfəsində Ağdam klubunun mətbuat xidmətinə açıqlama verib. Gözəl öncə Türkiyədə baş verən zəlzələ barədə danışıb: “Hadisənin ilk dəqiqələrindən etibarən başda Azərbaycan prezidenti Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi. Maddi durumundan asılı olmayaraq hər kəs hər hansı bir şəkildə yardım etməyə çalışdı. Yardım kampaniyalarından olan görüntüləri izlədikcə həm duyğulandım, həm də qürur hissi keçirdim. Böyük məmnuniyyətlə, Cənab prezidentin bu çağırışına biz də “Azersun Holdinq” olaraq qoşulduq. Bunun qürurunu yaşayırıq. Başda Prezidentimiz olmaqla bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha göstərdik. Hər zaman Türkiyənin yanındayıq”. 

Klub rəhbəri bugünkü matç barədə də fikirlərini bölüşüb: “Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir. Bu gün oyundan əvvəl zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Əminəm ki, azarkeşlərimiz də qardaş ölkəni unutmayacaq, onlara 90 dəqiqə ərzində dəstək olacaqlar. Oyuna gəlincə, mən komandama inanıram. İnanıram ki, çətin günlərimizdə xalqımıza təsəlli olan “Qarabağ” bu gün də öz oyunu və qələbəsi ilə az da olsa azarkeşlərimizi sevindirəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0