Təbriz Həsənov: “Bu, “Sabah” üçün dərs olacaq” - MÜSAHİBƏ
11.12.2022 - 15:24
Təbriz Həsənov: “Bu, “Sabah” üçün dərs olacaq” - MÜSAHİBƏ

“Qarabağ”ın veteran futbolçusu Təbriz Həsənovun apasport.az saytına müsahibəsi

- "Qarabağ"ın ölkə kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə görüşündə 2:2 oynamasını necə şərh edərdiniz? Yəqin ki, “Qarabağ”ın qələbə qazanmasını gözləyirdiniz? 
- Düşünürdüm ki, "Qarabağ" bu oyunda qalib gələcək. Görünən tərəf ayrıdır, reallıq ayrı. "Qəbələ" həmin oyunu pis oynamadı. Düzdür, "Qarabağ"ın üstünlüyü hökm sürürdü. Hesab 2:1 olanda, görüşün başa çatmasına az qalmışdı və görünmürdü ki, hesab bərabərləşə bilər. Amma "Qəbələ" bərabərlik qolunu vurdu. Qeydə alınan nəticəyə baxmayaraq, yenə də, cütün favoriti "Qarabağ" olaraq qalır. Hər halda, son oyunlarda xal itkiləri "Qarabağ"ın özü üçün də siqnaldır. Çempionatda heç-heçələr oldu, kubokda heç-heçə qeydə alındı.

- Necə düşünürsüz, “Qarabağ”ın avrokuboklara görə, mövsümə erkən başlaması həm avrokuboklarda oynaması, həm də əksər futbolçularının millidə çıxış etməsi onların daxili liqadakı çıxışına mənfi təsir göstərir? 
- Bəli, avrokuboklar üçün hazırlıqlara erkən başladılar, avrokuboklarda oynadılar, millidə futbolçuları çıxış etdi. Bunları hamısı komandaya təsiri edir. Ancaq deməzdim ki, yorğunluq var. Burada psixoloji məsələlər olur. Subyektiv fikrimdir. "Qarabağ" Çempionlar Liqasında bizi nə qədər sevindirdi, onu bilirsiz. Bütün oyunları gərgin və yüksək səviyyədə keçirdilər. Avrokuboklardakı motivasiya, azarkeşlərin çoxluğu, futbolçuların üzdə olmaqları onlara motivasiya verirdi. Fasilə yarananda, futbolçularda bir az sərbəstlik, boşalma gedə bilər. Bu isə onların özlərindən asılı deyil. Avrokuboklardakı rəqibin gərginliyi, hazırlıq, stadiona gələn nə qədər azarkeş qarşısındakı motivasiya ilə indiki bir deyil. Bu, təsir göstərə bilər. "Qarabağ" qış fasiləsinə qədər tam toparlanmalı və oyunlarını uğurlu başa vurmalıdır. Məncə, qışdan sonra onlar yenidən tam başqa "Qarabağ" olacaq. Futbolda belə hallar olur, oyunçular nə qədər istəsələr də, özlərindən asılı olmayaraq sərbəstlik yaranır.

- “Qarabağ”ın “Qəbələ” səddini keçəcəyinə inanırsız? Qəbələdə “Qarabağ” necə qalib gələ bilər? 
- Əlbəttə, "Qarabağ" cütün favoritidir və "Qəbələ"ni turnirdən uzaqlaşdıracağına inanıram. Ancaq futboldur, hər şey ola bilər. Sadəcə "Qarabağ" belə oyunlarda toparlanıb qalib gəlməyi bacarır. Ona görə də cütün qalibi yəqin "Qarabağ" olacaq.

- Ötən mövsüm “Qarabağ” qızıl dubl etməyi bacardı. Bu mövsüm necə onlar qarşısıalınmaz görünür? 
- Bəli, ötən mövsüm "Qarabağ" dubl etdi. Təbii ki, bu mövsüm də təkrarlaya bilərlər. Bunu öncədən demək, proqnoz etmək çox çətindir. Çünki bu, qış fasiləsində komandaların nə qədər güclənməsindən asılı olacaq. “Qarabağ”a rəqib olan “Sabah” və “Neftçi” var. Nəzərə alaq ki, Ağdam təmsilçisi Konfrans Liqasında “Gent” səddini keçib bir az da irəliləyəcək. Görünən odur ki, qış fasiləsində komandaların formalaşmasından sonra aydınlaşacaq ki, “Qarabağ” bu mövsüm də dubl edə biləcək, ya yox. Amma hazırkı heyət imkan verir ki, “Qarabağ” ötən mövsümkü uğurunu təkrarlasın.

- Ölkə kubokunda ən gözlənilməz nəticənin “Səbail” – “Sabah” görüşündə qeydə alındığını desək, yəqin ki, yanılmarıq. Sizcə, “Sabah” niyə səfərdə uduzdu? 
- Bəli, “Səbail” – “Sabah” matçının hesabı gözlənilməz oldu. Komandanın daxilində olan məsələdir. Yəqin ki, baş məşqçi bunun üzərində çalışacaq. Əvvəl də demişdim, “Sabah” üçün daha çətin olacaq. Çünki “Qarabağ” uzun illərdir Azərbaycan çempionatında istədiyi komandaya qarşı rahat oynaya bilir. Heyət buna imkan verir. Onların xal itirməsi az-az olur. Amma “Qarabağ”a rəqib olan komanda gərək digər klublarla oynayanda hər şeyi gözünə qarşısına alsın ki, xal itirməsinlər. Əfsuslar olsun ki, “Sabah”ın üzvü “Şamaxı” ilə görüşün 25-ci dəqiqəsində lazımsız yerə qırmızı vərəqə aldı, komandasını azlıqda qoyur. Bunun da təsiri var. “Səbail”lə görüşdə də demək olar, eyni şey təkrarlandı. Azlıqda oynamaq nəticəyə təsir göstərir. “Sabah” üçün sevindirici odur ki, 0:3-dən sonra 10 nəfərlə hesabı 2:3 etdilər, intriqanı saxladılar. 

- Cavab qarşılaşmasında necə “Sabah” özünə lazım olan hesabla qalib gəlib yarımfinala adlayacaq?
- İntriqa qalıb. “Sabah” cavab görüşündə qələbə üçün oynayacaq. Fikrimcə, onlar cavab görüşündə bir top fərqinin əvəzini çıxa biləcək.  

- Ümumiyyətlə,  son iki görüşdə “Sabah”ın autsayderlər - “Şamaxı” və “Səbail” qarşısında əziyyət çəkməsini nə ilə əlaqələndirirsiz?
- Zəif çıxış etdiklərini deməzdim. Xal itirmək, uduzmaq məşqçilər korpusu və futbolçular üçün siqnaldır. Təbii ki, məşqçi hər zaman komandaya yaxşı motivasiya verir. Ola bilər ki, futbolçular özlərində rəqibə saymazlıq edirlər. Ya da turnir cədvəlindəki yerləri, çempionluq uğrunda mübarizə aparmaqları düşüncələri buna səbəb olur. “Qarabağ”la yanbayan gedirsənsə, rəqabət aparırsansa, bütün xırda detallara fikir verilməlidir. Futbolçuların peşəkarlığa yüksək səviyyədə olmalıdır. Futbolçular dərk etməlidir ki, qırmızı vərəqə almaqla komandanın böyük əziyyətini yerinə vurur. Hər iki matçda bu proseslərin komandaya təsiri olub. Yəqin ki, gələcək oyun üçün dərs olacaq və bütün hər xırda detallara fikir veriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0