Təbriz Həsənov: "Qarabağ"ın Norveçdən qələbə ilə qayıdacağına inanıram"
05.11.2024 - 23:27
Təbriz Həsənov: "Qarabağ"ın Norveçdən qələbə ilə qayıdacağına inanıram"

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Təbriz Həsənov apasport.az saytına müsahibə verib.

- "Qarabağ" bu mövsüm Premyer Liqada bir dəfə uduzub, bir dəfə heç-heç edib. Hər ikisində rəqib "Turan Tovuz" olub. Sizcə, "Qarabağ" Tovuz klubuna qarşı niyə bu qədər çətinlik çəkir?
- "Qarabağ" bu il iki dəfə xal itirib, ikisi də "Turan Tovuz"la. Niyə çətindir? Çünki "Qarabağ"a qarşı bütün komandalar psixoloji və motivasiya cəhətdən çox yaxşı hazırlaşır. İstər-istəməz "Qarabağ"ın uzun müddətdir çempionluğu, Avropada oynadığı oyuna görə, bu rəqibə qarşı hər komanda, hər futbolçu çox yaxşı hazırlaşır. Özünü yaxşı tərəfdən göstərməyə çalışır, meydanda maksimumu göstərmək istəyir. Həmin şeylər məşqçilərə də aiddir. Qurban Qurbanova qarşı Kurban Berdıyev komandasını daha yaxşı kökləyir, motivasiya edir. İlk oyunda Bakıda qalib gəlmişdilər. Orada da, Tovuzda da göründü ki, komanda "Qarabağ"a qarşı istədiyi oyunu sərgiləyə bilir. Amma məsələn, "Turan Tovuz"un "Kəpəz"lə oyununa baxsaq, "Turan Tovuz"un o qədər də yaxşı oynamadığını gördük. "Araz-Naxçıvan"a qarşı da həmçinin. Təbii ki, burda məşqçi amili, oyuna hazırlıq, komandanı psixoloji cəhətdən hazırlamaq var. Məncə, ikinci oyunda meydança amili də "Qarabağ"ın işinə çətinlik yaratdı. Elə meydançada "Qarabağ" üçün oynamaq asan deyil. Statistikaya baxsaq, "Turan Tovuz" hər iki oyunda da "Qarabağ"a qarşı çox yaxşı oyun nümayiş etdirmişdi. Əsasən də, müdafiə xəttində. Əks-hücumlarda da çox yaxşı təsir bağışladılar. 

- Kurban Berdıyev və Qurban Qurbanovun dueli "Kayrat" - "Qarabağ" görüşlərində də baş tutub. Həmin vaxtı Qurbanovun komandası hər iki matçda qalib gəlmişdi "Kayrat"a. Amma "Turan Tovuz"da Berdıyev Qurbanova uduzmayıb.  Ümumiyyətlə, "Turan Tovuz"un çempionluq şansı varmı?
- Bəli, Berdıyev "Kayrat"da işləyəndə "Qarabağ" onlara qalib gəlmişdi. Bilirsiz, "Turan Tovuz"da Berdıyevin gəlişindən sonra komanda olaraq çox böyük dəyişiklik var. Oyun baxımından və turnir cədvəlində qazandığı xallara baxanda, hər şey göz qabağındadır. Amma düşünmürəm ki, bu mövsüm "Turan Tovuz" çempionluq uğrunda mübarizədə olsun. Təbii ki, iştah da var. Yəqin ki, "Turan Tovuz" indiki performansından sonra qışda transferlər edəcək. Buna inanıram. Çünki komandanın şansı var. Çempionluq yox, amma avrokuboklara çıxmaq şansları çoxdur. Onu qışda transferlər edərək dəyərləndirə bilərlər. Çempionat uzundur, indiki heyətlə hazırkı performansı saxlamaq çətin olar. Amma heyəti gücləndirə bilsələr, avrokuboklar üçün oynaya bilərlər. 

- "Qarabağ" artıq iki gündən sonra "Bodo-Qlimt"lə qarşılaşacaq. Bu matçdan öncə komandanın "Turan Tovuz"la görüşdə xal itirməsi, güc sərf etməsi Avropa Liqası oyununda onlara necə təsir edəcək?
- İnanmıram ki, həmin oyun "Bodo-Qlimt"lə matça təsir etsin. Çünki fiziki gücü bərpa etmək üçün kifayət qədər vaxt var idi. Psixoloji cəhətdən komanda onsuz da "Bodo-Qlimt"ə qarşı yaxşı hazırlaşacaq. Çünki xal qazanmaq vaxtıdır. Komanda da onu yaxşı bilir. "Turan Tovuz"la matçdakı bəzi oyunçuların mikro zədələri problem ola bilər. Onlar da yoxdursa, inanmıram ki, həmin görüşün "Bodo-Qlimt"lə matçda "Qarabağ"a təsiri ola bilər. Zədəlilər yoxdursa, "Qarabağ" Norveç klubuna qarşı rahat hazırlaşa bilər. 

- Ümumiyyətlə, bu mövsüm "Qarabağ"ın AL-də işləri yaxşı gətirmir. Komandada düşüş sezilir. Ağdamlılar hər üç görüşdə də uduzub. Sizcə, bu nə ilə bağlıdır?
- Xeyr, deməzdim ki, "Qarabağ"da eniş, düşüş var. Avrokuboklardakı son üç oyunu xırda təhlil edək.. "Tottenhem" İngiltərə nəhənglərindəndir, uduzsaq da, "Qarabağ" çox yaxşı oynadı, qol epizodları da az deyildi. "Ayaks"la görüşdə Qurban Qurbanov taktiki cəhətdən düzgün plan qurmuşdu. Amma işini qırmızı vərəqələr, əsasən də, ilk qırmızı alt-üst etdi. Hətta deyərdim ki, ilk hissənin sonuna qədər "Qarabağ"ın azlıqda oynaması heç hiss olunmadı. Özü də, "Ayaks" kimi komandaya qarşı. Heç bilinmədi ki, "Qarabağ" meydanda azlıqda oynayır. O qırmızı vərəqələr olmasaydı, inanırdım ki, "Qarabağ" "Ayaks" səddini keçəcəkdi. Üstəlik, hakimin bizə qarşı "sevgisi" olmasaydı... "Malmö" ilə oyun isə xoşuma gəlməmişdi. Həqiqətən "Qarabağ" istədiyimiz oyunu nümayiş etdirə bilmədi, uduzdu. Digər iki matçda "Qarabağ" yaxşı oynamışdı. Baxmayaraq ki, uduzmuşdu. Artıq "Qarabağ" tanındıqdan sonra, rəqiblər bu klubu komanda şəklində və ya fərdi qaydada çox təhlil edirlər. Ona görə də "Qarabağ"a çətinliklər yaradırlar.

- "Qarabağ"ın "Bodo-Qlimt"i səfərdə məğlub etməsi realdır? Yəqin ki, bu əsl geridönüş olardı? Ümumiyyətlə, "Qarabağ"ın pley-off mərhələsinə yüksəlməsinə inanırsınız?
- Təbii ki, "Qarabağ"ın Norveçdən qələbə ilə qayıdacağına inanıram. "Bodo-Qlimt"ə qarşı çox yaxşı oynayacaqlarını düşünürəm. Çünki geridönüş, xal qazanmaq lazımdır. Həmin qələbəni orada qazana bilsək, "Qarabağ"ın pley-off mərhələsi şanslarınə düşünmək olar. Çünki qələbə komandaya böyük ruh yüksəkliyi verəcək. "Qarabağ"ın təcrübəsi var, istədiyi rəqibə qarşı yaxşı oynayır. Skandinaviya klublarına qarşı "Qarabağ" istədiyi futbolu oynayıb. O ənənəni qaytarmaq, göstərmək vaxtıdır. İnanıram ki, komandamız bizi qələbə ilə sevindirəcək.

writer photo
Əlirza Əlirzalı
0