“Turan Tovuz”un futbolçusu Tərlan Quliyevin apasport.az saytına müsahibəsi
- Yığmaların oyunları ilə bağlı Premyer Liqada yarana fasilə sizin üçün necə keçdi? Səncə, çatışmazlıqları aradan qaldıra bildiniz?
- Belə fasilələr həmişə komandaların özlərini toparlamalarına şərait yaradır. Biz də çalışdıq ki, bu vəziyyətdən maksimum yararlanaq. İntensiv məşqlər keçirdik, ikinci komandamızla yoldaşlıq görüşü keçirdik. Məncə, fasilədən maksimum istifadə etdik.
- Bu gün "Sumqayıt"la qarşılaşacaqsınız. Necə düşünürsən, qələbə qazana biləcəksiz?
- Bizə necə xal və xallar lazımdırsa, “Sumqayıt” üçün də eyni vəziyyətdir. Bunu bilirik, dərk edirik. Oyun çox ağır keçəcək. Hər iki komanda xal və xallar qazanmaq istəyəcək. İnanıram ki, sevinən tərəf biz olarıq.
- Beşinci pillə uğrunda iddianız davam edir, yoxsa altıncı pillədə qərarlaşmaq da sizi razı salır?
- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Maksimum nəticə nədirsə, onu da reallaşdırmaq istəyirik. Düzdür, bu, asan olmayacaq. Çünki aşağı pillələr uğrunda çox gərgin mübarizə gedir.
- Komandaya yeni müdafiəçi Roderik Miller cəlb edildi. Onun barədə hansı fikirdəsən? Müdafiəçilər arasında rəqabəti artıracaq?
- Miller komandaya 10 gündür ki, gəlib. Hələ ki, adaptasiya dönəmindədir. Ancaq inanıram ki, komandaya uyğunlaşacaq.
- Millinin Avstriyaya 1:4, İsveçə 0:5 məğlubiyyətlərini necə şərh edərəsən?
- Yığma elə yerdir ki, orada ölkənin adını, vətənini təmsil edirsən. Millinin formasını xarakteri möhkəm, döyüşkən, vətəninə sevgisi olan oyunçular geyinməlidir. Ancaq təəssüf ki, heyətə baxanda 70 faizi xarici - legionerlərdən qurulan milli görürük. Oyunun nəticələrini də təxmin etmişdim. Belə olacağını ehtimal edirdim.