Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
11.01.2024 - 19:11
Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə

“Neftçi” və “Kəpəz”in sabiq futbolçusu Tural Axundov Gəncə klubundan ayrıldıqdan sonra işsizdir.

Apasport.az saytına müsahibə verən müdafiəçi klubsuz qalmasına və əvvəlki klublarda yaşadıqlarına aydınlıq gətirib.

- Hazırda nə işlə məşğulsan? Futbol oynamırsan..
- Xeyr, oynamıram. Kiməsə yalvarası deyiləm ki, məni komandaya götürün. Özüm üçün fərdi məşqlər edirəm. Formada qalmaq üçün çalışdığım qədər futbol oynayıram. "Kəpəz"də olanda elə orada qala bilərdim, təklif də var idi. Sadəcə, özüm qəbul etmədim. Bunun səbəbləri var idi. Orada bəzi şeylər gördüm. Komandaya, uşaqlara qarşı haqsızlıqlar çox idi. Klubsuz qalmaq daha yaxşı idi. Hansısa başqa komandadan təklif olarsa, başqa məsələ...

- Bəs, yaxşı səncə, nəyə görə heç bir komanda sənə təklif göndərmir? Bunu nə ilə əlaqələndirirsən?
- Təklifin nəyə görə gəlmədiyini bilmirəm. Ancaq mən kiməsə gedib deyəsi deyiləm ki, məni kluba götürün. Bayaq dediyim kimi, "Kəpəz" mənə təklif göndərdi. Sadəcə qəbul etmədim. İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşı.

- Son dəfə "Kəpəz"də Tərlan Əhmədovun rəhbərliyi altında oynamışdın. Hansı ki, həmin dönəmdə söz-söhbətlər çox idi. Səncə, niyə bu qədər söz-söhbət var idiki?
- Söz-söhbət hər klubda olur. Ancaq belə şeyləri mən öz gözümlə gördüm. Tərlan Əhmədova şər-böhtan atırdılar. Klub rəhbəri onluq deyil, çünki belə rəhbər olmaz. Oynadığım komandalarda belə rəhbərlik görməmişdim. Əgər prezidentin otağına təpiklə girirlərsə, səncə necə olmalıdır? Oturub-dursunlar, Tərlan Əhmədova şükür etsinlər. Söz vermişdi ki, komandanı saxlayacam. Sözünü də tutdu. O cür şəraitlə komandanı saxladı. Hansı məşqçi o sözü deyə bilər? Mən Tərlan Əhmədova tərif yağdırmıram. Sadəcə olanı deyirəm. Hələ danışılası çox şey var. Amma danışmıram, onlar üçün pis olar. Özünüz gördüz ki, Elmar Əliyev də təsdiqlədi. Halbuki, İlqar Nadirinin ən güvəndiyi adam Elmar idi, birdən-birə nə oldu? Elmarın arxasında bəzi adamlar var. Onlar da çıxsın, sözün düzünü desinlər. Onda deyərəm ki, kişi adamlardı. 

- Demək olar ki, "Kəpəz"də Tərlan Əhmədovun ən çox etibar elədiyi adam sən idin. Düşünmək olar ki, Əhmədov hansısa komandaya getsə, səni də özü ilə aparacaq?
- Bəli, Tərlan müəllim mənə etibar edirdi. Çünki mənə güvənirdi, mən həmişə ədalətin yanında olmuşam. Əgər Tərlan müəllim mənə təklif etsə, əlbəttə ki, sevə-sevə qəbul edərəm. Mənim üçün Tərlan Əhmədov kimi baş məşqçi ilə işləmək çox xoş olardı.

- Artıq 35 yaşın var. Heç aktiv futbolçu karyeranı başa vurmaq haqda düşünürsən?
- Bu barədə qərar qəbul etməmişəm. Bilmirəm, bu haqda fikirləşməliyəm, görək.  

- Vaxtilə "Neftçi"də oynamışdın. Demək olar ki, karyeranın ən piki "Neftçi"də oynamağındır?
- "Neftçi"dən qabaq ən yaxşı oyunlarımı "Sumqayıt"da oynamışam. Deyərdim ki, ən yaxşı karyeram elə orada olub. Çünki hamısı azərbaycanlı futbolçular idi. "Neftçi"də də yaxşı oldu, qolumu vurmuşam. Məncə, ən möhtəşəmi "Qəbələ"yə vurduğum qol idi. 

- "Ağ-qaralar"ın hazırkı durumunu necə dəyərləndirirsən? Səncə, sən oynadığın zamanlardakı "Neftçi" və indiki arasında çox fərq var? Hansı daha güclü görünür?
- Məncə, ən yaxşı "Neftçi" mən oynadığım dövrdəki idi. Yaxşı legionerlərimiz var idi. Baş məşqçi Roberto Bordin idi. Ona şans versilyədi, yaxşı nəticələr göstərəcəkdi. İndiki "Neftçi" heç "Neftçi" deyil, oynadığı futbol deyil. "Neftçi" bir brenddir, orada oynayırsansa, formanın haqqını verməlisən. Emin Mahmudova dəstək versələr, yaxşı olar. Çünki millidə görürsüz, Emin necə çıxış edir. Düşünürəm ki, orada bir problem var, o da başqa məşqçini tez-tez dəyişmələridir. 

writer photo
Əlirza Əlirzalı
0