Tyaqo Bezerra: "Neftçi" "Beşiktaş"ı məğlub edəcək"
10.08.2023 - 15:18
Tyaqo Bezerra: "Neftçi" "Beşiktaş"ı məğlub edəcək"

“Neftçi”nin sabiq hücumçusu Tyaqo Bezerranın apasport.az saytına müsahibəsi

- Sabiq komandanız “Neftçi” bu gün “Beşiktaş”la qarşılaşacaq. Sizcə, “Neftçi”nin şansı var?
- Bəli, çox yaxşı oyun olacaq. İki "ağ-qara" komanda qarşılaşacaq. "Beşiktaş" böyük komandadır. Türkiyədə böyük klubdur, ən yaxşılardan biridir. Asan olmayacağı dəqiqdir. Lakin "Neftçi" də böyük komandadır. Azərbaycanın ən yaxşılarından biridir. Futbolda hər şey mümkündür. Hər şey meydanda həll edilir. 

- “Neftçi”nin qalib gəlməsi mümkündür?
- Uğurlu nəticə də qeydə alına bilər. Niyə də olmasın? Dediyim kimi, meydanda istəkli oynayan qazanır. "Neftçi" bundan əvvəl də mərhələ keçib, istəklidirlər. Uğurlu çıxışlarına davam etməyə can atacaqlar. Çətin olsa da, bunun üçün oynayacaqlar. 

- “Neftçi” yeni baş məşqçi, yeni futbolçulara sahibdir. Sizcə, yenilənmə onlara uğur qazandıracaq?
- Bəli, bilirəm, yeni baş məşqçi, yeni oyunçular gəlib. Hər zaman "Neftçi"ni və oynadığım digər klubları izləyirəm. Bakılıların "Jelezniçar"la görüşünü izlədim, əla qələbə oldu. Düzdür, "Kəpəz"lə görüşdə uduzdular. Amma indi bütün fikirləri yəqin ki, avrokuboklardadır. Adrian Mutu komandanı hazırlayacaq ki, “Beşiktaş”la matçda uğurlu nəticələr qazansınlar.

- Yəni, “Neftçi”nin “Beşiktaş”ı keçmək ehtimalı var?
- Bəli. Məncə, "Neftçi" "Beşiktaş" səddini keçə bilər. Doğrudur, Türkiyə klubu çətin komandadır, təcrübəlidir. Amma ola bilər ki, bu, baş versin, “Neftçi” “Beşiktaş”ı keçsin.

- Bu gün keçiriləcək oyundakı hesab proqnozunuz necədir?
- Proqnoz vermək çox çətindir. Lakin soruşursuzsa, deyim də... Məncə, "Neftçi" bu gün "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edəcək. Təbii ki, cavab görüşü öncəsi bəlkə də çox sərfəli hesab olmaz. Amma indi səfər qolunun o qədər də vacibliyi qalmayıb. Bu mənada, Bakıda 2:1 hesabı ilə qalib gəlib, İstanbuldakı matçda da növbəti mərhələ uğrunda sona qədər mübarizə aparmaq olar.
 

writer photo
Əlirza Əlirzalı
0