“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərovun apasport.az saytına müsahibəsi
- "Qəbələ" "Neftçi" ilə matçda qalib gəlməyi bacardı. Oyunu necə şərh edərdin?
- Görüşün ağır olacağını bilirdik. Buna uyğun da hazırlaşmışdıq. Əslində, çox maraqlı oyun alındı. Çətin keçən matçda qalib gəlməyi bacardıq. Fikrimcə, qələbə layiq idik.
- Bu matçda qalib gələcəyinizə inamın var idi? Çünki bu mövsüm "Neftçi"yə qalib gələ bilməmişdiniz....
- Əlbəttə, matçdan əvvəl "Neftçi"yə qalib gələcəyimizə inanırdıq. Çünki yaxşı komandaya sahibik. Hər rəqiblə də başabaş mübarizə aparmağa gücümüz var. Bunu "Neftçi" ilə görüşdə də göstərdik.
- Hər iki qolu rəqib səhv etdikdən sonra vurdunuz. Xüsusi olaraq bu cür hazırlaşmışdız?
- Biz komanda olaraq rəqibin kimliyindən asılı olmayaraq hücumda oynamağı sevirik. Oyun planımız da buna imkan verir ki, hücumlar edək. Məncə, bu, bizdə daha yaxşı alınır. Şadam ki, "Neftçi" ilə matçda yaxşı futbol oynayaraq qalib gəldik.
- Hər halda, "Qəbələ" "Neftçi"yə uduzsaydı, "Zirə" yenidən dördüncü pilləyə yüksələcəkdi. Bu fakt sizə əlavə təzyiq yaradırdı?
- Bəli, "Zirə" ilə bir xallıq fərqimiz var. Ancaq təzyiq olduğunu deməzdim. Sadəcə, meydana daha da diqqətli və istəkli çıxmışdıq. Xal itirmək istəmirdik.
- "Zirə" "Qəbələ" ilə 4-cü pillə uğrunda mübarizə aparır. Siz ölkə çempionatı ilə yanaşı, ölkə kubokunda da mübarizə aparırsınız. Bu, sizin üçün üstünlükdür, yoxsa mənfi haldır?
- İki "cəbhə"dən də avrokuboklara yollanmaq şansımız var. Bunlardan da maksimum yararlanmağa çalışacağıq ki, istəyimizə çataq. Məncə, bizdə alınacaq. Çünki çox istəkliyik.
- "Qəbələ"ni qarşıda "Səbail"lə kubok matçları gözləyir. Səncə, "Səbail"i məğlub edib finala vəsiqə qazana biləcəksiz?
- Kubok matçlarının daha fərqli olduğunu bilirsiz. Təbii ki, biz finala adlamaq istəyirik. Bunun üçün də əlimizdən gələnin ən yaxşısı etməyə məcburuq. İstək və inamımız var. Necə olacağını oyunlar göstərəcək.
- "Qəbələ" ilə müqavilən mövsümün sonunda başa çatacaq. Komandada qalmaq haqda düşünürsən, yoxsa, xaricə getmək istəyirsən?
- Hələlik təkliflər barədə düşünmürəm. Çünki ağır qrafikdəyik, bütün fikrimi oyunlara yönəltmişəm. Mövsümün sonunda bu haqda düşünməyə vaxtım çox olacaq. Hələ ki, "Qəbələ"dən də təklif yoxdur. Dediyim kimi, mövsüm sonunda fikirləşərik.