“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev apasport.az saytına müsahibə verib. Naxçıvan klubunun aparıcı futbolçusu komandansının Premyer Liqadakı çıxışını dəyərləndirib.
- "Sabah"la matçda məğlub oldunuz. Səncə, bu matçda məğlubiyyətinizə əsas səbəb nə oldu?
- “Sabah”a qarşı oyun çox ağır oldu. Onsuz da bilirdik ki, yaxşı, keyfiyyətli komandaya qarşı oynayacağıq. Həm də, son oyunda məğlub olmuşdular. Bizimlə oyuna hansı motivasiya ilə çıxacaqları bəlli idi. Bu cür də oldu. Amma nəticə istədiyimiz kimi deyildi. Oyuna ikinci yarıda nəzarət etməyə başladıq. O da gec idi. Yaxşı fürsətlərimiz var idi, amma istifadə edə bilmədik. Bu da futbolun yazılmayan qaydasıdır. Pis oynayanda belə qol epizodları düşürsə, istifadə etmək lazımdır. Həmin fürsətlərdən yararlana bilmirsənsə, nəticəyə ümid etmək çətindir. Ona görə də, başımızı aşağı salıb işləməyimiz lazımdır.
- "Araz Naxçıvan" hazırda 31 xalla 8-ci pillədədir. Yəqin ki, bu, istədiyiniz mövqe deyil?
- Təbii ki, komanda istədiyimiz yerdə qərarlaşmayıb. 8-ci pillə gözlədiyimiz və istədiyimiz yer deyil. Ona görə də, işləyib, komandanı yüksəltmək lazımdır.
- İkinci yerlə aranızda 6 xal fərq var. Komandanın mövsümü hansı pillədə başa vura biləcəyinə inanırsan?
- Bəli, 6 xal fərq böyük deyil. Hələ heç nə bitməyib. Bundan sonra da çalışmaq lazımdır. Komandanı yüksəklərə qaldırmaq hamımızın borcu, vəzifəsidir. İnanıram ki, bunu edə biləcəyik.
- Növbəti matçınız səfərdə "Turan Tovuz"a qarşıdır. Onları məğlub etməyinizi nə dərəcədə realdır? Bu mövsüm onlarla matçlarınız heç də uğurlu keçmir...
- “Turan Tovuz”la çətin səfərimiz var. Doğrudur, onlara bu mövsüm 2 oyununun ikisində də uduzmuşuq. Amma heç biri asan olmayıb, hər iki görüş də gərgin olub. Kim daha çox səhv edir, o da oyunu uduzur. Ümid edirəm ki, “Turan Tovuz”la matçda az səhv edən biz olacağıq ki, istədiyimiz nəticəni də qazanaq. Tovuza 3 xal üçün gedəcəyik. Xeyirlisi nədirsə, o da olsun.
- Bir neçə dəfə öz mövqeyində ölkədəki ən güclü oyunçulardan olduğunu demişdin. Bunun davamı olaraq, milli komandanın mart ayındakı Bolqarıstan və Monqolustanla matçlarına dəvət ediləcəyinə inanırsan?
- Düzü, kimin mənim haqqımda nə düşünəcəyinin önəmi yoxdur. Ailəm, yaxınlarım, məni həqiqətən sevən insanlar var ki, illərdir mənə motivasiya verirlər, yenidən futbola qayıtmağıma təkan olublar, onların istəklərini, ümidlərini heç vaxt yerə vura bilmərəm. Ona görə, həmin insanlar üçün xüsusi çalışıram. Daha da yaxşı olacağına inanıram. Mən bu cür psixologiya və mentalitetlə yaşayan adamam. Bəli, əvvəlki açıqlamalarımda elə demişəm, elə də var. Kimisə özümdən güclü bilmirəm, amma kimdənsə də üstün olduğumu iddia etməmişəm. Xeyirlisi nədirsə, olacaq. Qismətdə milli komandaya dəvət edilmək varsa, olacaq. Yoxdursa, yenə də həyat davam edir. Hazırda buna çox da fikir vermirəm. Komanda üçün çalışıram. Amma təbii ki, milliyə dəvət edilərək komandaya kömək olmaq istəyərəm.