"Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Xent" klubunun baş məşqçisi Hein Vanhazebruk Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransına çıxıb.
Apasport.az belçikalı məşqçinin fikirlərini təqdim edir:
– "Qarabağ" Belçikada o qədər də tanınmır. Bu klub haqda fikriniz necədir?
– "Qarabağ" çox yaxşı komandadır. Çempionlar Liqasında çıxış ediblər. Bu mövsüm pley-offa qədər oynadılar. Belçika klubları baxıb öyrənməlidir ki, bunu necə etmək olar, necə ora gəlib çatmaq olar, örnək götürməlidirlər. Polşa, Macarıstan çempionlarını məğlub etdilər. Avropa Liqasında 3 böyük ölkənin klubları ilə oynadılar. "Frayburq"la çox yaxşı oynadılar, həmin matça baxmışdım. 10 nəfərlə qalanda da üstün idilər. "Qarabağ"da baş məqşçinin təsiri üst səviyyədədir və bunun sayəsində buralara gəlib çıxıblar.
– "Qarabağ" evdə 2 dəfə Belçika klublarını – "Bruxe" və "Anderlext"i məğlub edib...
– Bu oyunlar uzun zaman öncə idi. Biz də önəmli oyunçularımızı itirmişik. Səhv etmirəmsə, "Qarabağ" evdə 1 dəfə uduzub. Ötən mövsüm "Marsel"ə yeniliblər. Bizim üçün çətindir. Çünki 30 min azarkeş qarşısında oynayacağıq. Bu bizi həyəcanlandırır. Çətin oyun olacaq.
– Bərabərlik sizin üçün yaxşı nəticə sayılacaq?
– Bizim üçün qələbə çox yaxşı olardı. Amma bərabərlik də bizim üçün önəmlidir. İşimizi öz evimizdə həll etməli olacağıq. Az top fərqi ilə uduzmaq belə, yaxşı nəticə sayıla bilər. Unutmayaq ki, "Qarabağ" həm də səfərdə yaxşı oynayır. "Olimpiakos"u 3:0, "Ferentsvaroş"u 3:1 məğlub ediblər. Bu o deməkdir ki, "Qarabağ" həm evdə, həm də səfərdə çox yaxşı nəticə göstərir.
– "Qarabağ"a Qafqazın "Barselona"sı deyirlər. Bunu bilirdiniz?
– Bunu eşitməmişdim. Amma bəllidir ki, hər il avrokuboklarda oynayırlar, böyük klublara qarşı yaxşı çıxış edirlər. Oyunçuları tanımırıq. Amma meydanda çox yaxşı oyun göstərirlər.
– "Xent"in "Qarabağ"dan qorxduğunu söyləmək olar?
– Xeyr. "Qarabağ"a hörmətimiz var. "Tottenhem"ə qarşı da oynamışıq. Qorxmaq lazım deyil. Ona görə də qorxmuruq.