"Sumqayıt-2"nin baş məşqçisi Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Millimiz dünən Belçikaya 0:5 hesabla məğlub oldu. Sizcə, böyük hesablı məğlubiyyət səviyyə fərqini göstərir?
- Səviyyə fərqimiz var, bunu normal qarşılamaq lazımdır. Çünki rəqib futbolçuların hansı çempionatlarda oynadığını, necə ulduz olduğunu və üstəlik hücum xəttini necə qurduqlarına baxanda bunu anlamaq olur. Əlbəttə ki, belə bir nəticə ola bilərdi. Amma Bakıda 0:1 hesabı ilə uduzanda oyunumuz çox gözəl alınmışdı. Düzdür, məğlub olsaq da, rəqibə şans vermədik və daha yaxşı oyun alındı. Dünənki matçda həm komandanın səfərdə oynamağı, həm rəqibin ustalığı, həm də qırmızı vərəqə oyunun taleyini həll etdi. Bu futboldur və rəqib kim olursa-olsun, hər bir oyuna ciddi hazırlaşmaq lazımdır. Həm də bu oyunda motivasiyamız daha az idi. 3 gün bundan əvvəl İsveç üzərində qələbəmizdən sonra əhval-ruhiyyə daha yaxşı idi. Sadəcə olaraq, məşqçilər oyunçuları bu oyuna daha yaxşı kökləyə bilmədilər.
- Səfərdə oynamağımız da uğursuzluğun səbəblərinddən biri idi?
- Bəli, Bakıda İsveçə qalib gəlməyimiz, həmin rəqibə qarşı yaxşı futbol oynamağımız bunu sübut edir. Amma rəqib meydanda oynamaq çox çətindir.
- Millimiz 7 xalla 5 komanda arasında 4-cü oldu. Seçmə mərhələnin yekununu necə qiymətləndirirsiz?
- Bunu rəhbərlik qiymətləndirməlidir. Futbolçu kimi deyə bilərəm ki, bundan yaxşısına nail ola bilərdik. Bundan sonrası necə olacaqsa, indidən ona önəm vermək lazımdır.
- Baş məşqçi Canni de Byazinin başa çatan müqaviləsinin uzadılıb-uzadılmaması müzakirə olunur. Siz bu barədə nə düşünürsüz?
- Buna İcraiyyə Komitəsi qərar verir. Biz də gözləyək, görək bundan sonra milli komanda necə olacaq. Yəqin ki, İcraiyyə Komitəsi və məndən də savadlı baş məşqçilər bu sualın cavabını daha yaxşı bilər.
- De Byazi son vaxtlar davranışı ilə də gündəm olur. İsveçə qalib gələndə Arif Əsədova təpik atan mütəxəssis bu dəfə də jurnalistləri təhqir edib. Buna nə ad vermək olar?
- İsveçlə oyunda emosiyalarla bağlı olan hərəkət idi, bunu şişirtməyə dəyməz. Yəni, baş məşqçi öz köməkçisi ilə zarafat edib. Belçika ilə oyundakı hərəkəti isə onun insanlıq keyfiyyətləri ilə bağlıdır. Əgər De Byazi dörd il ərzində mətbuatla dil tapa bilmirsə, demək bu onun peşəsinə, məşqçi statusuna bir sual işarəsidir. Ona görə də, bizim həm rəhbərliyimiz, həm İcraiyyə Komitəsi bunu da nəzərə alıb, uyğun qərar verməlidir.
- Millimizin kapitanı Emin Mahmudovun Qurban Qurbanovun qol rekordunu qırmasına 1 top qalib. Sizcə, bu illər ərzindən bunu edən niyə olmamışdı?
- Uğurlar arzu edirəm. Önəmli olan qollar deyil, milli komandanın nəticələridir. İnanıram ki, Emin Mahmudov da eynilə həmin nəticələr uğrunda can atır, nəinki qol vurmaq, həm də hansısa bir nailiyyət arzusundadır. Əlbəttə ki, bu böyük uğurdur və hamı üçün vacibdir. Ona karyerasında uğurlar arzulayıram.
- Vaxtilə sizin bu rekordu qırmağınıza nə mane oldu?
- Mənə mane olan karyeramın tez bitməsi və bəzi insanların yola verməməsi olub. Həmin insanlara da uğurlar arzu edirəm, həyat davam edir. Bəzən gözləmədiyimiz şeylər çox ola bilir. Bilmək olmaz ki, həyat qanunları həmin adamlara qarşı necə dönəcək.
- Yəni indiki şəraitdə oynasaydınız şansınız daha yüksək olardı?
- Yox, zamanla heç bir əlaqəsi yoxdur. Mən həmişə can atmışam ki, milli komandada oynayım və yığmamız yaxşı nəticə qazansın. Qollarımın sayı o qədər önəmli deyildi. Məni sadəcə qalibiyyət maraqlandırırdı, o düşüncə ilə meydana çıxırdım. Millimizin hər futbolçusunun uğuru hamımızın adınadır. Ona görə hər bir futbolçuya uğurlar arzulayıram. Bundan sonrakı millimiz daha güclü, daha əzmkar olar.
- Millimizin bu vəziyyətdən çıxması və inkişafı üçün nəyə ehtiyac var?
- Uşaq futbolu, yeniyetmələr, onların problemləri ilə daha çox maraqlansaq, 3-4 ilə bizim milli komandamız da güclənəcək. Bizim millimiz daha da yaxşı futbolçular əldə edəcək. Çünki 17-18 yaşında futbolçularda həm əsgərlik, həm təhsillə bağlı çox ciddi problemlər var. Futbola dövlət tərəfindən hər bir qayğı göstərilir. Sadəcə olaraq, bir balaca da bu prosesə önəm versək, 4-5 ilə milli komandaya yaxşı futbolçular gələ bilər. Biz həmin futbolçuları itiririk.