Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
26.04.2023 - 12:29
Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ

Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında çalışmış Miloş Velebitin apasport.az saytına müsahibəsi

- Tailand yığmasında işləriniz necə gedir? 
- Artıq Tailand millisindən ayrılmışam. Şəxsi məsələlərimlə əlaqədar müqaviləni pozdum. Təəssüf ki, orada qala bilmədim. Halbuki orada yaxşı iş və nəticələr üçün yaxşı potensial var idi. Amma belə alındı.

- Konyaya səfəriniz nə ilə bağlı idi? Mahir Emrelinin “Konyaspor”da oynadığını bilirdiz?
- Boş vaxtlarımdan istifadə edərək “Konyaspor”un məşq prosesini izləmək istədim. Boş vaxtımı düzgün istifadə etmək, yeni bir şey öyrənmək və görmək, yeni çağırışlara hazır olmaq istəyirəm. “Konyaspor”un məşqini, matçlara hazırlığını, taktiki analizlərini, matçlarını müşahidə etdim. Mahirin bu klubda oynadığını isə təbii ki, bilirdim.

- Mahir Emreli yalnız məşqdə görüşdüz? Yoxsa, söhbət etməyə də vaxt tapdız?
- Onunla məşqdə və hazırlıqdan sonra komandanın düşərgəsində görüşdük. Konkret olaraq nəsə haqda danışmadıq. Qarşıdakı matç, onun “Konyaspor”a gəlişindən söhbət etdik. O, Türkiyə Superliqasında ilk qolunu vurduğu üçün sevincli olduğunu bildirdi. Həm də komandasının uduzduğuna görə məyusluğunu söylədi. Belində bir az ağrı olduğu üçün matçın sonuna qədər kömək edə bilmədiyini söylədi.

- Sizcə Mahir özünü “Konyaspor”da xoşbəxt hiss edir? Orada qalmaq istəyir?
- Düşünürəm ki, “Konyaspor”da onun vəziyyəti yaxşıdır. Biz onun gələcəyini orada danışmadıq. Sadəcə o, “Konyaspor”a yeni gəlib və növbəti dövrdə bu mövzunu daha yaxşı biləcək. Mahir gələcəyi üçün ən yaxşısını edəcək, karyerası üçün ən yaxşısını seçəcək.

- Yeri gəlmişkən, "Konyaspor"un baş məşqçisi Aleksandr Stanoyeviç sizin dostunuzdur. Onun Mahir haqda mövqeyi, fikri necədir? 
- Biz Mahir haqqında lap əvvəl, o, “Legiya”ya keçəndə, Aleksandr Stanoyeviç “Partizan”ın (Belqrad) baş məşqçi olanda danışmışdıq. Çünki onun “Qarabağ”dakı çıxışını bəyənirdi. Aleksandr Mahiri Ağdam klubunda oynayanda “Partizan”a gətirmək arzusunda idi. Bacarıqlarını, xüsusən də qaçışını və sürətini sevir. Mahiri matç zamanı vəziyyətə görə cinah futbolçusu, hücumçu və hücumçu arxasında olmaqla hər 3 mövqedə görür.

- İbrahim Şehiç "Konyaspor"un kapitanıdır. O, uzun illər "Qarabağ"ın qapısını qoruyub. Şehiç sizinlə söhbətində, Azərbaycan futbolu və "Qarabağ" haqda nələr dedi?
- “Konyaspor”un məşqindən sonra İbrahim Şehiçlə də qısa söhbətimiz oldu. O, komandanın kapitanı, əsl lideridir. “Adana Dəmirspor” və “Kasımpaşa” ilə oyunlarda əla çıxış etdi. “Adana Dəmirspor”la görüşdəki uğursuz və haqq edilməyən məğlubiyyətdən sonra “Kasımpaşa”ya qalib gəlmələrinə çox sevindim. Çünki çox yaxşı hazırlaşmışdılar.

writer photo
Əlirza Əlirzalı
0