“Qarabağ”ın mərakeşli sabiq futbolçusu, hazırda Belçikanın “Vize” klubunda oynayan Faysal Rerrasın müsahibəsi
- Belçikada işlərin necə gedir?
- Klubumda özümü yaxşı hiss edirəm. Uzun müddətdən sonra oynamağa başladım. Gücümü yenidən hiss edirəm. İnanıram ki, yenidən oyunlara çıxacam.
- Yayda “Turan Tovuz”la müqavilə imzalaya bilərdin. Amma zədəyə görə bu transfer baş tutmadı. Sağaldıqdan sonra Azərbaycana qayıtmamağının səbəbi nə oldu?
- Bəli, “Turan Tovuz”da da zədəmi yenilədim. Ünsiyyətlə bağlı çətinliklər var idi. Şəhər də mənim üçün sıxıcı idi. Ailəmin yanına qayıtmaq qərarına gəldim və Belçika klubu ilə müqavilə imzaladım.
- Qışda Azərbaycana qayıdışın, “Turan Tovuza” və ya başqa komandaya keçidin baş tuta bilər?
- Niyə də Azərbaycana qayıtmayım? Əlbəttə ki, Azərbaycana qayıtmağa hazıram.
- Yəqin ki, "Qarabağ" Konfrans Liqasının pley-offunda "Gent"lə qarşılaşacağı barədə xəbərin var. Belçikada bu cütlük haqda nə düşünürlər? “Qarabağ”ın “Gent”i məğlub etməsi belçikalılar üçün sürpriz sayıla bilər?
- “Gent”ə qarşı dəfələrlə oynamışam. Onların çox istedadlı, çox yaxşı komandası var və hər şeydən əvvəl çox yaxşı məşqçiyə sahibdirlər. Yaxşı matç olacaq. Amma düşünürəm ki, “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var. Son illərdə çox yaxşı təcrübə yığıblar.
- Həmyerlin, Mərakeşdən olan Abdullah Zubir komandanın əsas üzvüdür. Onun heç əlaqə saxlayırsan?
- Zubir orada gördüyümdən də artırıb, daha yaxşıdır. Onunla tez-tez danışıram. Məncə, o, Mərakeş millisinə dəvət olunmağa haqq edir. Avrokuboklarda çox yaxşı çıxış edir. Ümidvaram ki, belə də olacaq.
- "Qaraba"ğın indiki oyunlarını izləyirsən? Səncə, onlar indi, ya yoxsa sənin vaxtında güclü idi?
- “Qarabağ”ın Avropa Liqasında "Frayburq"la oyununu Almaniyada stadiondan izlədim. Məncə, ildən-ilə daha yaxşı duruma gəliblər. Bundan sonra daha da yaxşı olacaqlarına da inanıram.