“Neftçi”nin veteran müdafiəçisi Voyislav Stankoviç apasport.az saytına müsahibə verib. Hazırda Serbiya Superliqasında “Jelezniçar Pançevo” klubunda oynayan təcrübəli futbolçu “ağ-qaralar”ın hazırkı durumundan danışıb.
- “Neftçi”də yenidən baş məşqçi dəyişikliyi oldu, Adrian Mutu göndərildi, Miodraq Bojoviç dəvət edildi. “Neftçi”nin atdığı bu addımı necə şərh edəcəksən?
- Bəli, xəbərim var ki, Adrian Mutunun yerinə Miodraq Bojoviç gəlib. Əlbəttə, məncə Bojoviç “Neftçi”də daha fərqli işlər görə bilər. Çünki yaxşı və təcrübəli mütəxəssisdir. O, Rusiyada bir çox klubda, o cümlədən, “Srvena Zvezda”kimi komandada çalışıb. Böyük təcrübəyə malikdir. Məncə, o, “Neftçi”ni ayıldaraq, uğur qazandıra biləcək.
- Komanda qış fasiləsindən sonra 2 matça çıxıb və 4 xal qazanıb. Səncə, nəsə dəyişib?
- Bəli, “Neftçi” qışdan sonra 2 oyun oynayıb. Hər iki oyunlarına da baxmışam. Məncə, komanda “Sabah”a qarşı yaxşı oynadı, yaxşı qol epizodları yaratdı. “Qəbələ”ni uddular. O görüşdə də ortaya yaxşı futbol qoydular. Məncə, “Neftçi” yaxşı və doğru yolda gedir. Artıracaqlarını da gözləmək olar. Çünki komanda daha inamlı və istəkli görünür.
- Hazırda “Qarabağ”la “Neftçi” arasında 15 xallıq fərq var. Səncə, “Neftçi” çempionluq mübarizəsində “Qarabağ”a çata biləcək?
- Çempionluq haqda düşünmək mümkün deyil. Ümumiyyətlə, bu barədə danışmaq da olmur. Çünki “Qarabağ” çox güclü komandadır. İndi də görürsüz, birinci yerlə ikinci, üçüncü yer arasında neçə xal fərqi var. “Qarabağ” və digər klublar arasında fərq böyükdür. İkinci yeri tutub, kuboku qazanmaq “Neftçi” üçün yaxşı şansdır. Hər halda, necə olacağını zaman göstərəcək.
- Bayaq dediyin kimi, Bojoviç “Srvena Zvezda” kimi böyük klubda baş məşqçi olub. Səncə, bütün bunlar onun Azərbaycan futbolundan adından söz etdirməsinə kömək olacaq?
- Mənim Bojoviç haqda fikrim müsbətdir. “Srvena Zvezda”da yaxşı işləyib. Onun rəhbərlik etdiyi komandaya qarşı da oynamışam. Çox yaxşı komanda idi. Özü də yaxşı təcrübəyə malikdir. Fiziki hazırlıq məşqçisi mənimlə “Partizan”da çalışıb. Həm özü yaxşı mütəxəssisdir, həm də məşqçilər korpusu yaxşıdır. Bojoviç həm futbolçu, həm də məşqçi kimi böyük təcrübəyə malikdir. Ümidvaram ki, “Neftçi”yə böyük uğurlar qazandıracaq. Sadəcə zaman lazımdır.
- Bəs hazırkı heyət uğurlar qazanmağa imkan verəcək?
- “Neftçi”də yeni oyunçular çoxdur. Üstəlik, qışda daha ikisi də gəldi. Onları az görmüşük. Ümidvaram ki, yaxşı transferlər ediblər. Yayda etdikləri transferlər arasında bir neçəsi var ki, “Neftçi”nin formasını geyinməyə heç layiq deyildi. Ümumiyyətlə, “Neftçi”yə uğurlar arzulayıram. “Neftçi” böyük klubdur və yaxşı futbol oynayıb daim yuxarılarda olmağa layiqdir.