Vüqar Həşimov Memorialda yeni çempion - FOTOLENT
23.12.2022 - 22:10
Vüqar Həşimov Memorialda yeni çempion - FOTOLENT

Bu gün Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII superturnirin təntənəli bağlanış mərasimi olub.

Apasport.az-a Memorialın mətbuat xidmətindən verilən xəbərə görə, turnirin direktoru Anar Allahverdiyev yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını deyib.

Təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığımı bildirən A.Allahverdiyev Vüqar Həşimovun ədalətlilik prinsipinə sadiq olduğunu və rəqibə hörmətlə yanaşdığını vurğulayıb. O bildirib ki, “Vüqar Həşimov Memorialı-2022” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq.

Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir”.

Sonra memorialdan bəhs edən videoçarx nümayiş olunub. Daha sonra turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın nəticələrini açıqlayıb.

Sonda Vüqarın atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov turnirin kubokunu Özbəkistan şahmatçısı Nadirbəy Əbdüsəttarova təqdim edib. Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin ənənə halı almasında dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan edib.

Turnirdə 25,5 xalla özbəkistanlı Nadirbəy Əbdüsəttarov 1-ci olub. Hesablarında 20,5 xal olan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov ilk 3-lükdə yer alıblar.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı norveçli dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2 (2016, 2017) və ABŞ təmsilçisi Fabiano Karuana (2021) isə 1 dəfə turnirin qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0