Azərbaycan milli komandasının və “Boluspor”un futbolçusu Vüsal İsgəndərli apasport.az saytına müsahibə verib.
- Artıq bir neçə gündür ki, milli komandamızın toplanışı davam edir. Məşqlər necə gedir, hər şey yaxşıdır?
- Məşqlərimiz bir neçə gündür ki, başlayıb. Artıq hər kəsdə istək çoxdur. Hamıda milli komandada olmaq istəyinin qüruru var. Əlbəttə ki, əlimizdən gələni edəcəyik ki, hazırlıq oyunlarından yaxşı nəticə ilə ayrılaq.
- Bir neçə gündür ki, Azərbaycandasan. Yəqin ki, ölkə kubokunun finalında "Qarabağ" - "Zirə" oyununu izlədin. Matçı necə şərh edərdin?
- Bəli, final oyununa baxdım. Doğrudan da, maraqlı və gərgin matç oldu. “Zirə” çox yaxşı mübarizə apardı. “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Əsl finala uyğun gələn görüş idi.
- Ümumiyyətlə, kənardan Azərbaycan futbolu necə görünürdü? "Qarabağ" "qızıl dubl" etməyi bacardı. Həm liqanı, həm kuboku qazandılar. Kənardan Premyer Liqa güclü, yoxsa zəif görünür?
- Məncə, bu mövsüm Azərbaycan Premyer Liqası gərgin çempionat oldu. “Qəbələ”nin aşağı liqaya düşməsinə isə çox pis oldum. İnanıram ki, gələn il yenidən əsas liqaya yüksələrlər. “Qarabağ”ın hər iki kuboku götürməsi isə uğurlu mövsüm keçirdiklərinin sübutudur. Əlbəttə ki, bu da “Qarabağ”ın gücündən xəbər verir. “Qarabağ”ın çox yaxşı heyəti və çox yaxşı oyunu var. Bunu hamımız bilirik.
- Azərbaycan millisini qarşıda Albaniya və Qazaxıstanla oyunlar gözləyir. Bu komandalarla oyunlar, səncə, millimizə nə qazandıracaq? Rəqiblər güclüdür?
- Rəqiblərimiz, əlbəttə ki, güclüdür. Albaniya millisini yaxından görmüşəm, oyunlarını stadiondan canlı izləmişəm. Albaniyada oynadığım vaxtda stadiona gedib, onlara baxmışdım. Çox yaxşı kollektivləri var. Hər iki oyuna da qələbə üçün çıxacağıq. Ölkəmizi yaxşı tərəfdən təmsil etmək istəyirik. İnanıram ki, hər şey yaxşı alınacaq.
- Maraqlıdır ki, Millətlər Liqasında Qazaxıstanla eyni qrupda mübarizə aparmışıq, Albaniya isə Avropa çempionatında çıxış edir. Albaniyada oynadığın üçün bu ölkənin millisini yəqin ki, yaxından tanıyırsan. Albaniyanı məğlub edə bilərik?
- Əlbəttə, məğlub edə bilərik. İstək, arzu olduqdan sonra məşqçilər korpusunun da dediklərini düzgün yerinə yetirsək, məğlubedilməz komanda yoxdur. Albaniya doğrudan da yaxşı komandadır. İstər hücumda, istərsə də, müdafiədə yaxşı oynayırlar, keyfiyyətli oyunçulara sahibdirlər. Bizi həm Qazaxıstan, həm də Albaniyaya qarşı maraqlı, çətin görüş gözləyir.
- Arif Əsədov müvəqqəti baş məşqçidir. Səncə, yeni baş məşqçi gəldikdən sonra da yığma komandaya dəvət oluna biləcəksən?
- Öncəliklə, Arif müəllimə mənə güvəndiyi üçün təşəkkürümü bildirirəm. Növbəti zamanlarda necə olacaq, bunu zaman göstərəcək. Amma əlimdən gələni edib, milli formanı daim geyinmək, dəvət edilmək istəyirəm. Çünki millidə oynamaq qürurvericidir.
- Bu mövsüm "Boluspor"la Super Liqaya yüksəlmək istədiniz, amma pley-offlarda sizi məğlub edən "Bodrumspor" yüksək liqaya yollandı. Bu haqda nə deyəcəksən? Səncə, onlar layiq idi?
- “Bodrumspor”u təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Əlbəttə ki, Super Liqaya yüksəldilərsə, demək ki, onların qisməti və haqqı idi. Bizim də xəyalımız var idi, ancaq olmadı. Mübarizəmiz davam edir.
- Yeni mövsüm Super Liqa üçün oynayacaqsız? Maraqlıdır, həm sənin, həm də Ramilin komandası pley-off mərhələsində uduzdu . Bu haqda heç Ramillə söhbətiniz oldumu?
- Xeyr, söhbətim olmayıb. Ancaq bizim klubun necə olacağını, hansı hədəflərlə mübarizə aparacağını mövsümün əvvəlində biləcəyik.
- Son olaraq, adın Azərbaycan klubları ilə yanaşı hallanır. Heç geri qayıtmağı düşünürsən? Hansı komandanın təklifi sənin üçün cəlbedici olardı, yoxsa maliyyə şərtlərinin yüksək olması da geri qayıtmağına səbəb olmayacaq və legioner həyatı yaşamağam üstünlük verəcəksən?
- Əlbəttə ki, Azərbaycan klublarından təkliflərim var. Sadəcə karyeramı ölkə xaricində davam etdirmək istəyirəm. Özümə inanıram və gələcək üçün planlarım da ölkə xarici ilə bağlıdır. Heç vaxt böyük danışmaq istəmirəm. Bu futboldur, sabah necə olacağını bilmək olmur.