“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi
- “Sumqayıt” “Səbail”ə qalib gəlməyi bacardı. Matç istədiyiniz kimi alındı, yoxsa çətinliklə qalib gəldiniz?
- Əlbəttə ki, çox çətinlik çəkdik. “Səbail” yaxşı komandadır. Sadəcə, biz kollektiv kimi bu oyunlara özümü çox yaxşı motivasiya etmişik. Bu motivasiyanın səbəbləri də var idi. Sadəcə o ailənin içində qalacaq. Öz üzərimizə düşəni etməyə çalışırıq və gözləyirik.
- “Sumqayıt” mövsümə uğursuz başlamışdı, qələbə qazana bilmirdi. Komanda artıq 3 oyundan 7 xal qazana bilib. Demək olar ki, artıq hər şey qaydasına düşüb, uğursuzluq zolağından çıxmısınız?
- Mən belə deməzdim. Çünki bir məğlubiyyətlə yenidən son pilləyə düşə bilərik. Hələ bunun üçün üst-üstə qələbələr qazanmalıyıq. Ona görə də, işləməyə davam etməliyik.
- Növbəti turda “Sumqayıt”ın rəqibi “Sabah”dır. Çempionluq üçün mübarizə aparan komandanı məğlub etmək mümkündür?
- Hər komandanı məğlub etmək mümkündür. Artıq oyunun hazırlıq həftəsinə girmişik. Hazırlaşırıq, baş məşqçimiz də rəqibi analiz edəcək və bizə öz tapşırıqlarını deyəcək. Ona uyğun da dediklərini etməyə çalışacağıq. Hər rəqibə qarşı qalib gəlmək olar. Əsas istəkli olmaqdır.
- Həm üç oyunluq uğurlu seriya, həm də sonuncu pillədən qurtulmağınız “Sabah”la qarşılaşmada sizə böyük motivasiya verəcək?
- Özümüzün bizi motivasiya edəcək səbəbləri var. Üzərimizə düşəni edirik, söz verib, arxasında dururuq. Hamı matça hazırlaşır və inanırıq ki, qələbələr davam edəcək.
- Bu nəticələr baş məşqçi Samir Abasovun gəlişindən sonra baş verdi. Artıq komanda komonada onun oyun fəlsəfəsinə tam öyrəşə bilib?
- Bəli, Samir Abasovun gəlişindən sonra daha uğurlu alındı. Qələbələr qazandıq, bizə özgüvən gəldi. Daha da yaxşı olacağına inanıram. İnanın, məşqlərdə və oyunlarda əlimizdən gələni edirik. Çünki bilirik ki, daha yaxşı nəticə verə bilərik.
- Adın bir çox klublarla hallanır. “Şkupi” və “Şkendiya” arasında seçim edib Şimali Makedoniyaya gedəcəksən, yoxsa Türkiyəyə qayıdacaqsan?
- Həm rəsmi, həm də menecerlər tərəfindən söz-söhbətlər var. Qış fasiləsinə yollanmağımıza bir tur qalıb. Ondan sonra Allah nə nəsib edərsə, o da olacaq. Əlbəttə ki, yenə xaricə getmək istəyirəm. Amma yaxşı təklif olarsa, bu qərarı verəcəm. Oyunlar başa çatsın, Samir Abasovla danışacam. Məsləhət nə olarsa, ona uyğun hərəkət edəcəm.
- Türkiyədə oynadığın zamanlarda baş məşqçi Canni De Byazi səni milliyə dəvət etmirdi. İndi isə gözünün qarşısındasan. Səncə, burda dəvət olunacaqsan? Səninlə söhbəti olub?
- İndi heç nə çətin deyil. Harada oynamağından asılı olmayaraq, maraqlanmaq, baxmaq çətin deyil. Oyunlarda öz işimi görürəm, yaxşı performans üçün özümü hazırlayıram. Millidən dəvət gələr-gəlməz, artıq bu, mənim işim deyil. Xeyr, heç kəs mənimlə danışmayıb. Əslində, milli haqda başqa suala cavab vermək istəmirəm.