Bu gün Misli Premyer Liqasının XVII turunun "Səbail"-"Qəbələ" (3:0) oyunu baş tutub.
Apasport.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyevin yerinə köməkçisi Xəqani Məmmədov iştirak edib.
Məşqçi oyun haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
"Elmar Baxşıyev özünü narahat hiss ediyi üçün konfransa mən çıxası oldum. Oyuna gəlincə, komanda matça ruhsuz çıxmışdı. Həftə ərzində oyunçuları çalışdıq ki, motivasiya edək. Danışırdıq. Amma göründüyü kimi ruhsuz idilər. Ona görə oyunumuz alınmadı və uduzduq.
Komanda ilə təmasda olub, problemlərini öyrənmək istəyirik. Görək məqsədləri nədir. Oturub futbolçularla danışırıq və deyirlər ki, problemləri yoxdur. Çalışırıq ki, oynayaq, amma alınmır. Bu həftəyə necə hazırlaşmışdıqsa, "Sabah"la da oyuna elə hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək".
-Qırmızı vərəqələrin çoxluğunun səbəbi nədir?
-Komanda aşağı pillələrdə gedir, futbolçuların da bir az əhvalı yoxdur. Bir-biriləri ilə də sanki küskün kimidilər. Bir şey olan kimi, hakimə, rəqibə reaksiya verirlər. Ona görə qırmızı alırlar. Cəzaları da olur, onları cəzalandırırıq. Gələcəkdə belə hal olsa, yenə cəzalandıracağıq. Çalışacağıq ki, komandanı problemdən çıxaraq.
-Elmar Baxşıyev istefa verməyib ki?
-Xeyr, istefa verməyib.