Zaur Həşimov: “Ən pis halda Konfrans Liqasına getmək olar” - MÜSAHİBƏ
20.09.2023 - 12:58
Zaur Həşimov: “Ən pis halda Konfrans Liqasına getmək olar” - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimovun apasport.az saytına müsahibəsi

- "Qarabağ" "Sabah"la matçda qələbə qazanmağı bacardı. Halbuki, "Qarabağ" son vaxtlarda qeyri-stabil çıxış edirdi. Bu matçdakı qələbə onların işlərini qaydasına salacaq?
- "Qarabağ" "Sabah" üzərində inamlı qələbə qazandı. Bu mövsüm "Qarabağ" ölkə çempionatında ən yaxşı oyununu sərgilədi və vacib qələbə əldə etdi. Bu qələbə həm psixoloji cəhətdən, həm də xal baxımından onlara lazım idi. Fikrimcə, elə son oyundakı heyətlə də "Mölde" önünə çıxacaqlar. "Sabah"la oyun "Qarabağ"da işlərin qaydasında olduğunu göstərdi. 

- "Qarabağ"ın oyununda hansısa irəliləyiş hiss olunur? Legionerlərin komandaya əvvəlki aylara nisbətən daha çox xeyir verdiyini düşünürsüz?
- "Qarabağ" təcrübəli komandadır. Onlar düşdükləri vəziyyətdən çıxmağı bacarırlar. Avropa Liqasının qrup mərhələsinə düşməkləri də bunun sübutudur. Yeni legionerlər də adaptasiya dövrünü keçdilər. Onlar komandaya daha çox xeyir verməyə başlayıblar.

- "Qarabağ" sabah "Mölde" önünə çıxacaq. Nə düşünürsüz, təmsilçimiz bu matçda Norveç klubunu məğlub edə biləcək?
- "Mölde" çox yaxşı komandadır. Onların "Qalatasaray"la bu mövsüm hər iki oyununu izlədim. Dinamik, sürətli və aqressiv futbol oynayırlar. Meydanda müəyyən rotasiyalar edirlər. "Qarabağ"ı ağır oyun gözləyir.

- Ümumiyyətlə, "Qarabağ"ın "Bayer", "Mölde" ve "Hekken"li qrupdan çıxacağına inanırsız? "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiz?
- Həqiqətən də ağır qrupdur. Ancaq yenə də "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Ən pis halda qrupda üçüncü yeri tutub Konfrans Liqasında mübarizəni davam etdirmək olar. Ümid edək ki, hər şey "Qarabağ"ın istədiyi kimi alınar.

- Yeri gəlmişkən, ötən mövsümün qış fasiləsində "Qarabağ"a qoşulan Adama Diakabinin adı Avropa Liqasının iştirak ərizəsinə salınmadı. Diakabinin "Qarabağ"a xeyir vermədiyini söyləmək olar?
- Diakabi böyük ümidlərlə "Qarabağ"a gəlib. Təəssüf ki, ümidləri doğrulda bilmir. Zədə və intizamsızlıq futbolçunun karyerasına təsir edən iki böyük səbəbdir. Diakabi də zədə ucbatından potensialını aça bilmir.

- "Qarabağ"da Juninyodan da gözləntilər yüksəkdir. Sizcə braziliyalı gözləniləni nə vaxt verəcək? Bəlkə o da Reynaldo da Silva kimi altı ay sonra potensialını açacaq?
- Juninyo aqressiv hücumçudur. Daim rəqib müdafiəsini təzyiqdə saxlayır. Çoxdandır ki, "Qarabağ"ın heyətində bu tip hücumçu görmürdük. Bir müddətdən sonra Juninyo komandanın liderinə çevriləcək.

writer photo
Əlirza Əlirzalı
0