Argentina – Xorvatiya: Tarixə baxış
13.12.2022 - 11:54
Argentina – Xorvatiya: Tarixə baxış

Bu gün DÇ-2022-nin ilk yarımfinal cütündə Argentina və Xorvatiya üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, bu iki komanda arasında mundiallardakı 3-cü duel olacaq.

Rəqiblərin yolları ilk dəfə 1998-ci ildə kəsişib. Qrup mərhələsində baş tutan görüşün taleyini 1 qol həll edib. Maurisio Pinedanın 36-cı dəqiqədə vurduğu top cənubi amerikalılara üç xal qazandırıb.

Həmin vaxt hər iki komanda qrupdan çıxsa da, Argentina 1/4 finalda dayanıb. Xorvatiya isə tarixinin ilk medalını – bürünc mükafatı qazanıb.

20 il sonra rəqiblərin yolları Rusiyada kəsişib. Bu dəfə də qrupda qarşılaşan komandaların duelində darmadağın qeydə alınıb. İkinci hissədə Ante Rebiç, Luka Modriç və İvan Rakitiçin qolları ilə Xorvatiya argentinalıları darmadağın edib. Bu dəfə cənubi amerikalılar 1/8 finalda dayanıb, balkanlılar isə tarixinin ən yaxşı nəticəsinə - gümüş medala nail olub.

Göründüyü kimi Argentina Xorvatiya ilə görüşdüyü mundiallarda medal qazana bilmir. Avropalılar isə əksinə hər qarşılaşdığı çempionatda özü üçün tarixi nəticəyə imza atır. 

DÇ-lərdəki duellərdə hərəyə bir qələbə qazanan rəqiblər üç dəfə də yoldaşlıq görüşlərində üz-üzə gəlib. 1994-cü ildə qolsuz sülhlə ayrılan komandalar hərəyə bir dəfə üstün olub. Xorvatiya 2006-cı ildə, Argentina 2014-cü ildə sevinib.

Qeyd edək ki, son üç oyunda Üst qeydə alınıb.

04.06.1994. Yoldaşlıq oyunu. Xorvatiya – Argentina – 0:0
26.06.1998. DÇ-1998. Argentina – Xorvatiya – 1:0
01.03.2006. Yoldaşlıq oyunu. Xorvatiya – Argentina – 3:2
12.11.2014. Yoldaşlıq oyunu. Argentina – Xorvatiya – 2:1
21.06.2018. DÇ-2022. Argentina – Xorvatiya – 0:3
 

writer photo
Əlirza Əlirzalı
0