Lui van Qal rekorda şərik oldu
26.11.2022 - 00:48
Lui van Qal rekorda şərik oldu

Niderland millisinin baş məşqçisi Lui van Qal rekorda şərik olub.

Apasport.az saytı xəbər verir ki, 71 yaşlı çalışdırıcı buna dünya çempionatının qrup mərhələsinin Ekvadorla matçında (1:1) nail olub.

Bu görüşdə qeydə alınan bərabərlikdən sonra təcrübəli mütəxəssis mundiallarda ardıcıl 9-cu matçının əsas vaxtında uduzmayıb.

Bununla, Van Qal 1934-cü və 1938-ci illərdə İtaliya ilə dünya çempionu olan əfsanəvi Vittorio Potsonun rekordunu təkrarlayıb.

Onun Niderland millisinə ötən ilin avqustunda reallaşan qayıdışından sonra komandası məğlub olmayıb. "Narıncılar" bu müddət ərzində keçirdiyi 17 oyunda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.

Qeyd edək ki, A qrupunda yer alan Niderland yığması növbəti matçını 29 noyabrda Qətərə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0