Mika Qodz: “Bakı məni sözün yaxşı mənasında təəccübləndirdi” - EKSKLÜZİV
24.10.2024 - 23:56
Mika Qodz: “Bakı məni sözün yaxşı mənasında təəccübləndirdi” - EKSKLÜZİV

Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” - “Ayaks” matçından (0:3) sonra qonaqların futbolçusu Mika Qodz apasport.az saytına müsahibə verib.

“Çox ağır matç oldu. “Qarabağ”ın güclü komanda olduğunu bilirdik. Rəqib azlıqda qaldıqdan sonra oyun bizim nəzarətimizə keçdi və üstünlüyə yiyələndik. Lakin bununla belə, “Qarabağ” çox yaxşı çıxış etdi”.

- Bu gün üç xala layiq olduğunuzu düşünürsən?
- Əlbəttə. Düzünü desəm, ilk hissədə “Qarabağ” daha üstün tərəf idi. Rəqib bütün komponentlərdə bizi üstələyirdi. Amma ikinci hissədə gördüz ki, daim pressinq etdik. 3 qol vurduq və qələbə qazandıq. Bu qalibiyyətə layiq olduğumuzu düşünürəm.

- “Qarabağ”ın 2 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldı. Hakimin qərarlarının haqlı olduğunu düşünürsən?
- Qırmızı vərəqələrdən biri mənə görə oldu. Topla reyd edirdim və önümdə heç kəs yox idi. Rəqib futbolçu (red. - Julio Romao) hücumun qarşısını qayda pozuntusu ilə kəsdi. Bu, haqlı qırmızı vərəqədir.

- Bu, sənin Azərbaycana ilk gəlişindir? Ölkəmizi bəyəndin?
- Bəli, Bakıya ilk dəfədir gəlirəm. Hətta buranı gördükdən sonra çox heyrətə gəldim. Bakı məni sözün yaxşı mənasında təəccübləndirdi. Çox gözəl şəhərdir. Dənizkənarı bulvar və arxitektura xoşuma gəldi. Həmçinin stadionu da bəyəndiyimi qeyd etməliyəm. Meydanın ot örtüyünü bəyəndim.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0