Üçqat dünya çempionu Pele 82 yaşında dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, noyabrın 29-da Braziliya millisinin sabiq futbolçusu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulmuşdu.
Daha əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni vermədiyi üçün dayandırıldığı bildirilmişdi.
Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi 3 dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.
Dünya çempionatının final turnirlərində o ümumilikdə 14 oyun keçirib və 12 qol vurub.
O ümumilikdə Braziliya millisi üçün 92 oyunda 77 qol (1957-1971-ci illərdə) vurub. Onun rekordu 50 ildən çoxdur qırılmayıb və bu yaxınlarda Neymar tərəfindən təkrarlanıb.
Klub səviyyəsində Pele 2 dəfə (1962, 1963) Libertadores Kubokunu və Qitələrarası Kuboku qazandığı Braziliyanın "Santos" və ABŞ-ın "Nyu-York Kosmos" komandasında oynayıb.
O, FIFA Futbol Komissiyası, World Soccer və France Football tərəfindən XX əsrin ən yaxşı futbolçusu, həmçinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən XX əsrin ən yaxşı idmançısı kimi tanınıb.