Bakıda Avropa Cüdo Birliyinin beynəlxalq tibbi seminarı keçirilir
18.10.2024 - 13:35
Bakıda Avropa Cüdo Birliyinin beynəlxalq tibbi seminarı keçirilir

Bakıda Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının beynəlxalq tibbi seminarı keçirilir.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin Tibbi Komissiyasının sədri Envik Qalea Bakıda beynəlxalq idman seminarının təşkilinin Azərbaycanda bu idman növünün inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rəşad Rəsullu isə seminarın tibbi biliklərinin artırılması baxımından faydalı olacağını söyləyib. O, idmançıların sağlamlığının hər şeydən vacib olduğunu diqqətə çatdırıb. ACF-nin beynəlxalq əməkdaşlığı genişləndirdiyini qeyd edən vitse-prezident federasiyanın bu istiqamətdə daha çox iş görəcəyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə 13 ölkədən - Danimarka, Niderland, Gürcüstan, Özbəkistan, Belçika, Böyük Britaniya, Türkiyə, Macarıstan, Malta, Rumıniya, Xorvatiya, Portuqaliya və Finlandiyadan nümayəndə heyətinin seminarda iştirakının sevindirici hal olduğunu deyib. Azərbaycan cüdoçularının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurları xatırladan E.Məmmədov bu nailiyyətlərin davamlı olacağına inandığını bildirib.

Rəsmi çıxışlardan sonra seminar öz işinə başlayıb. Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi dəstəklə təmin olunması sahəsindəki tədqiqat nəticələrini paylaşıblar. Tədbirdə bu sahədə olan yeniliklər, müxtəlif reabilitasiya üsulları və idman zədələrinin müalicəsi müzakirə olunub, iştirakçılara idman sağlamlığı və tibbi dəstək sahəsindəki ən son qlobal trendlər haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası (ACF) ilə birgə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibbi heyət arasında təcrübə mübadiləsinin aparılması və ən son məlumatların əldə edilməsidir. Tədbir oktyabrın 19-na kimi davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0