Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
03.05.2024 - 09:15
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 37 ölkəni təmsil edən 160 idmançı bacarığını nümayiş etdirir. 

Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Üçgünlük kubokun proqramına əsasən böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparırlar. Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə yarışacaqlar.

Avropa Kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək. Qaliblərə medal və hədiyyələrlə yanaşı pul mükafatı da veriləcək. Çarpaz qarşılaşmalarda qalib 8000, ikinci yer 5000, üçüncü yer 3000, dördüncü yer 2000, 5-8-ci yerlərin hər biri 1000, 9-16-cı yerin hər biri 500 avro qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib 5000, gümüş medal qazanan 3500, bürünc medalçı 2500 avronun sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi 1300, ikinci yeri tutanı 1000 və üçüncü yerin sahibini isə 700 avro gözləyir.

writer photo
Əlirza Əlirzalı
0