Azərbaycanın 18 yaşadək oğlan həndbolçulardan ibarət yığması avqustun 12-dən 18-dək Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, milli komanda məsul yarışa hazırlığı davam etdirir. Ötən ilin dekabr ayında start verilən hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Əvvəlcə Gürcüstanın paytaxtı Tbilisidəki toplanışa qatılan yığma bu ilin martında Rusiyanın Həştərxan şəhərindəki turnirdə iştirak edib.
Ardınca taktiki-texniki plan üzrə hazırlığı Bakıda davam etdirən milli komanda bu gün yenidən Həştərxana yola düşüb. Həndbolçular toplanış çərçivəsində yerli komanda ilə 3 yoxlama matçı keçirəcəklər. İyunun 11-dək davam edəcək hazırlıq prosesində 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun ixtiyarında olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin iyul ayında Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub.