Lionel Messinin “Barselona”dakı Mirası: Katalan Əfsanəsi
25.07.2024 - 14:44
Lionel Messinin “Barselona”dakı Mirası: Katalan Əfsanəsi

Barselonanın “bacarıqsızlığı”

“Barselona” kompleksi” kitabının müəllifi Simon Kuper CNN-də yayımlanan bir proqramda Messinin “Barsa”dan gedişini “Barselona”nın bacarıqsızlığı adlandırıb:

“Bu bir səhvdən çox bacarıqsızlıqdır. Covid bütün futbol klublarını maliyyə cəhətdən sarsıtdı, çünki stadionlar azarkeşlərə qapalı idi. “Barselona” üçün vəziyyət daha da pis idi, çünki bir çox oyunlarda stadiondakı oturacaqların böyük hissəsini turistlər tutur, klubun mağazalarından alış-veriş edirdilər. Bura əsl turist şəhəridir.

İstənilən halda, klub rəhbərliyi bacarıqsız idi. Kitabımda bu barədə ətraflı qeydlər etmişəm. Təminən 5 il ərzində transferlərə bir milyard dollardan artıq xərc çəkən “Barselona” ən çox pul israfı edən klub oldu. Sistematik olaraq yanlış futbolçuları aldılar, oyunçu yetişdirməyə diqqət azaldı, bütün gəlirlərdən daha çox maaş ödədilər və vəziyyətin idarəetmədən çıxmasına icazə verdilər”.

“Barselona”nın yaşadığı maliyyə problemlərinin əsas səbəbi kimi pandemiya göstərilir. Pandemiya səbəbilə dünyada futbolun dayanma nöqtəsinə gəlməsi, xüsusilə, bilet satışları və digər qazanc yerlərinin azalması klubların gəlirlərini də minimuma endirdi.

Rəhbərliyin gənc oyunçulara üstünlük vermək əvəzinə ulduz futbolçu axtarışına düşüb xərclədiyi böyük məbləğdə pullar “Barselona”nın vəziyyətini daha da pisləşdirdi. 2013-2014-cü illər mövsümündən bu yana katalonların transferlərə 1 milyard dollardan çox xərclədiyi bildirilir.

Xoan Laportanın Lionel Messinin gedişinə münasibəti

“Barselona” prezidenti Xoan Laporta Lionel Messi ilə yolları ayırmaq qərarını verərkən çox çətinlik çəkdiklərini, lakin doğru addım atdıqlarını ifadə etdi.

O, Messinin klubda qalmaq istədiyini xüsusi vurğuladı. Argentinalı digər klublardan daha yüksək məbləğdə təkliflər alsa da, İspaniyada qalmaq istəyində idi. Ayrılığın əsas səbəbi isə La Liqanın maaş büdcəsi limiti idi.

Laporta dedi ki, vəzifəyə gələndə gözlədiklərindən daha qaranlıq bir mənzərə ilə qarşı-qarşıya qalıblar. Messi dünyanın ən yaxşılarındandır, amma klubun mənafeyini də qorumaq çox vacibdir. Prezident əlavə edir:

“Messi burda qalmaq istədi. Federasiyanın qaydalarına uyduğumuzu düşünmüşdük, amma La Liqa buna icazə vermədi. Futbol sənayesi klubların maaş büdcəsinin gəlirlərin 65-70 faizi həndəvərində olmasını istəyir. Hazırda bizim maaş büdcəmiz gəlirlərimizin 95 faizi qədərdir. Hesablamalarımıza görə, Erik Qarsiya, Depay və Aqüeronu heyətə daxil edə bilirik. Ümid edirəm, bir problem yaşamarıq.

Messidən sonrakı “Barselona” üçün ən düzgün qərarı verdiklərini təkrarlayan Laporta qarşıdakı dövrdə çox uğurlu olacaqlarına inandığını dedi:

“Barselona” üçün ən yaxşısını etdiyimizə inanıram. Messi burda bir tarix yazdı. Klubun tarixindəki ən yaxşı dövr onunla yaşandı. Artıq yeni bir dövr başlayır və ümid edirəm ki, bunun öhdəsindən gələ bilərik.

Digər böyük oyunçuların gedişindən sonra olduğu kimi, Leo üçün də onun dövründəki və ondan sonrakı kimi iki dövr olacaq”. 

Messi “Barselona”dan nə istəyirdi?

2021-ci ildəki açıqlamalarında keçmiş “Barselona”lı Qaizka Mendieta Messinin komandasını necə görmək istədiyi barədə danışmışdı. Lionel rəqabət edə biləcək bir komanda görmək arzusunda idi.

“Mən də bir futbolçu olduğum üçün sizə nə istədiyimizi deyə bilərəm. Rəqabətcil olmaq və kubok qazanmaq istəyirik. Məncə, Lionel Messinin də istədiyi budur.

Təbii ki, müqavilə və ailə şərtləri önəmlidir. Lakin sadəcə futbolçu aspektindən yanaşsaq, əsas istək kubok qazanmaqla bağlıdır. “Barsa”nın qazana biləcəyini və kubok üçün rəqabətə girə biləcəyini görsə, əlbəttə ki, burada qalacaq. Yox əgər bunu görməsə, özünə başqa yer axtaracaq.

İspaniyadakı “Barsa” azarkeşi olan hər kəs kimi mən də Messinin “Barselona”da qalacağına ümid edirəm.

Əminəm ki, digər insanlar onu başqa bir liqada və ya klubda yoxlama və görmək istəyər. Lakin mən romantik insanam, xüsusilə, oyunçuların tez-tez klub dəyişdirdiyi bu dövrdə bütün karyerasını eyni klubda və eyni səviyyədə keçirmək, məncə Lionel Messi və “Barsa” üçün möhtəşəm olardı.

Çöküşdə deyil, bəzi pis dövrlər yaşamış ola bilər, lakin çöküş 15 ildir inanılmaz səviyyədə olan biri üçün böyük sözdür. “Barselona”nı dəstəkləsəniz də, dəstəkləməsəniz də onun futbol tarixinin ən böyüklərindən biri olduğuna hamımız qatılırıq.

Bunu hər matçda və məşqdə göstərərək bacarıb. Yaşına və yeni idarəçilərinə görə tərzini dəyişdirmək məcburiyyətində qaldı. O, bir neçə il əvvəl gördüyümüz Messi deyil, amma mənim üçün hələ də ən yaxşısıdır.

Lionel Messidən “Barselona” etirafı

Messi “Barselona”dan ayrılacağını öyrəndiyi gün həyatının alt-üst olduğunu deyir:

“PSJ”-yə gələndə dəyişiklik çox çətin oldu, çünki “Barselona”da hər şey çox yaxşı gedirdi və orada qalmağı planlamışdım. Ayrılmağa hazır deyildim, hər şey çox sürətlə cərəyan elədi, həyatımı bir gündən digərinə yenidən inşa etmək məcburiyyətində qaldım. Başqa bir liqanı, başqa bir klubu, yeni bir paltardəyişmə otağını tanıdım. Axtarmadığım bir dəyişiklik idi və bu səbəbdən başlanğıcda çətin oldu”.

Messi “Barselona”dakı günləri barədə də danışıb:

“Barselona”ya ilk gələndə çox çətinlik çəkirdim. Uşaq idim və yeni dostlara, ölkəyə, şəhərə, insanlara, məktəbə uyğunlaşmaq lazım idi. Başlanğıcda mənim üçün çətin idi, amma istədiyim işi gördüyümü, “Barselona” kimi möhtəşəm bir komandada futbol oynadığımı düşündüm və bu məni irəliyə daşıdı, təsiredici idi, çox həzz alırdım. “Barselona”da mənə hər zaman çox yaxşı davrandılar, onlara minnətdaram”.

Messi milli karyerası haqqında da danışdı. Əgər Dünya Çempionatında qalib olmasaydılar, yığma karyerasını bitirəcəkdi:

“Dünya Çempionatında Səudiyyə Ərəbistanı matçı xaric, turnirdən həzz aldım. Fransaya qarşı finalda qələbə qazandıq və bu çox gözəl idi. Çempion olmasaydıq, çox güman ki, milli komanda ilə vidalaşacaqdım.

Karyeramı bitirdikdən sonra nə edəcəyim barədə hələ düşünməmişəm. Hazırda sonra nə olacağını düşünmədən günlərdən və anlardan həzz almağa çalışıram”.

Lionel Messinin ilk matçında birlikdə oynadığı ulduzlar

Argentinalı ulduz “Barselona” forması ilə ilk oyunda 2004-cü ildə “Espanyol” qarşısına çıxarkən Dekonu əvəzləmişdi.

Messi meydana 82-ci dəqiqədə daxil oldu və 17 il 3 aylıq ikən rəsmi oyunda “Barselona”nı təmsil edən ən gənc oyunçu oldu. Bir il əvvəl “Porto” qarşısına çıxsa da, həmin oyun yoldaşlıq görüşü idi.

La Liqadakı ilk matçında Lionel Messinin yanında bir sıra ulduz adlar var idi:

Viktor Valdez: “Barselona”nın yetirməsi olan qapıçı 2002-2014-cü illər arasında klubun şərəfini qoruduqdan sonra “Mançester Yunayted”ə qoşulub.

Juliano Belletti: Braziliyalı sağ cinah müdafiəçisi 2004-cü ildə “Barselona”ya keçib. 3 mövsüm komandada oynadıqdan sonra o da İngiltərəyə, “Çelsi”yə yollanıb. Zədələndiyi üçün 2011-ci ildə karyerasını başa vurub.

Karles Puyol: “Barselona”nın əfsanəvi kapitanı olan Puyol 15 il burada oynadıqdan sonra karyerasını yekunlaşdırıb. 6 La Liqa, 3 Çempionlar Liqası çempionluğu var. Ümumilikdə 593 matça çıxıb.

Olequer Presas: İspan mərkəz müdafiəçisi “Barselona”da 6 sezon keçirdikdən sonra “Ayaks”a transfer edilib. 2011-ci ildə professional futbol karyerasını bitirib.

Covanni van Bronkhorst: Sol cinah müdafiəçisi 2003-2007-ci illər aralığında katalonların formasını tərlədib. “Arsenal” və “Feyenoord” kimi klublarda da oynayıb. 2010-cu ildə futbolçu karyerasını bitirib. Hal-hazırda baş məşqçi kimi fəaliyyət göstərir.

Rafael Markez: Meksikalı futbolçu müdafiəçi olsa da, həmin gün baş məşqçi Frenk Raykaard onu dayaq yarımmüdafiəçisi kimi oynadırdı. Markez 2003-2010-cu illər aralığında “Barselona”da oynamış, daha sonra MLS komandası “Nyu York Red Bulls”a tranfer keçmişdi. “Atlas”da iki mövsüm keçirdikdən sonra 2018-ci ildə professional futbolçu karyerasını yekunlaşdırıb.

Xavi Hernandez: “Barselona” formasını geyinmiş ən böyük futbolçulardan biri olan Xavi keçmiş komanda yoldaşı Lionel Messinin rekord qırdığı 2021-ci ilin fevralına qədər klubun ən çox forma geyinən futbolçusu idi.

Deko: Portuqaliyalı yarımmüdafiəçi 2004-cü ildə “Portu” ilə Çempionlar Liqasını qazandıqdan sonra “Barselona”ya qoşuldu. Dörd mövsüm burada qalan futbolçu iki dəfə La Liqa, 1 dəfə Çempionlar Liqası çempionluğu yaşadı. 

Samuel Etoo: Əfsanəvi kamerunlu hücumçu 2004-2009-cu illər arasında “Barselona” formasını geyinib. Professional futbol karyerasını 2019-cu ildə başa vurub.

Henrik Larsson: İsveçli ulduz 2004-2006-cı illər arasında “Barselona” formasını geyinib. 

Ronaldinyo: Braziliyalı əfsanə 2003-2008-ci illər arasında “Barselona” formasını geyinib. İki dəfə La Liqa, 1 dəfə də Çempionlar Liqasının qalibi olub.

Andres İnyesta: “La Masia” yetirməsi olan İnyesta “Barselona”dakı ilk oyununa 2002-ci ildə çıxıb və 2018-ci ilə qədər klubun formasını geyinib.

Messi “Barselona”ya niyə qayıtmadı?

Lionel Messi ötən il “Barselona”ya qayıtma ehtimalları barədə danışmışdı. Sonuncu müsahibəsində bildirmişdi ki, geri qayıtmaq ehtimalı yoxdur:

“İlk düşüncəm hər zaman evə qayıtmaq, “Barselona”da oynamaq və xəyal etdiyim kimi, orada karyeramı sonlandırmaq idi. Lakin 2021-ci ildə olduğu kimi, bu yenə mümkün olmadı. “Barsa” ilə yanaşı digər Avropa və Səudiyyə Ərəbistanı klublarından da təkliflər var idi. Sonda “İnter Mayami”yə gəlməyi seçdik.

Tanrıya şükürlər olsun ki, qeyri-adi bir karyeraya sahib olacaq qədər şanslı idim, uzun illər oynadığım Avropada xəyal etdiyim hər şeyi qazandım. İndi ABŞ-yə gələrək yeni bir addım atdım, bir daha Avropada oynamaq üçün geri qayıdacağımı düşünmürəm”.

Lionel Messinin göz yaşları

“Barselona” ilə yollarını ayıran argentinalı ulduz mətbuat konfransı təşkil etmişdi. Açıqlamaları zamanı göz yaşlarına boğulan Messi “20 ildən sonra “Barselona”dan ayrılmağı heç düşünməmişdim” dedi.

“Barselona”dan ayrılması nəticəsində ilk dəfə media nümayəndələri qarşısında açıqlama verən 34 yaşlı argentinalı futbolçu danışmaqda çətinlik çəkirdi. Yenə də bunları deyə bildi:

“Çox düşündüm, nə deyəcəyimi bilmirəm. Yaşananlardan heç nə anlamadım. Bütün həyatımı burada keçirdim. Çox çətindir... “Barselona”dan ayrılmağa heç hazır deyildim. Evimdə, “Barselona”da çox şey yaşadım. Bir çox gözəl xatirəm var. Hətta pis xatirələr də bu gün mənim xarakterimin formalaşmasında böyük rol oynadı”.


 


  
 

writer photo
Əlirza Əlirzalı
0