DÇ-2022-nin finalında uduzan təkcə Fransa yığması olmayıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bəzi proqnozsevərlərin acınacaqlı məğlubiyyətlərini qeydə alıb.
Onlardan biri də Feliks Lenqeldir. “Twitch” platformasında “Top-10”da yer alan strimer Argentina – Fransa matçına 500 min dollar pul qoyub.
Bu da başadüşüləndir. Onun illik qazancı milyonlarla ölçülür.
Lenqel 2,85 əmsalla dəyərləndirilən Fransanın qələbəsinə mərc edib. Bu, ona 1 milyon 425 min uduş gətirə bilərdi.
Amma Argentinanın ikinci qolundan sonra bukmeker kontoru ona uduzmaqda olan kuponu satmaq üçün təkliflər göndərib. Lenqel 500 minlik mərcini 5 minə satmağa razılaşıb. Nəticədə strimer 495 min dollar uduzub.
Qeyd edək ki, Argentina və Fransa arasında oyunun əsas vaxtı heç-heçə başa çatıb – 2:2. Əlavə vaxtında komandalar hərəyə bir dəfə fərqlənib. Penaltilər seriyasında cənubi amerikalılar üstün olub – 4:2.