Azərbaycan Voleybol Federasiyası (AVF) "Xarı Bülbül Şuşa" və “Xarı Bülbbül Laçın” komandalarının üzləşdiyi maliyyə çətinliyi ilə bağlı açıqlama ayıb.
Apasport.az xəbər verir ki, AVF bu barədə rəsmi feysbuk səhifəsi vasitəsi ilə paylaşım edib.
Qurum yaranmış vəziyyətlə əlaqədar komandalara dəstək olmaq üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb:
"Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları Azərbaycan çempionatında, “Xarı Bülbül Şuşa” həm də Çelenc Kubokuda iştirak edirlər. Mövsümün əvvəlində klubların yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinib.
“Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə Çelenc Kubokuda öz iştirakını təsdiqləyib.
Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olub və bununla bağlı işçi heyəti və oyunçularla görüş keçirilib. Toplantı zamanı yaranmış maliyyə çətinliyi ilə ələqədar müzakirələr aparılıb və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilib.
Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra AVF klubun ölkəmizi “Çelenc Kuboku”da təmsil etdiyini nəzərə alaraq, qısa zamanda “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının oyunçularının bir aylıq əməkhaqqını ödəyib", - deyə açıqlamada bildirilib.