“Yeni çempionatda mübarizə aparacaq klubların heyətində gənclər daha çoxdur. Ümumilikdə 36 komandamız var. Dəyişiklər vacibdir”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov deyib.
Yüksək Liqanın açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran qurum rəhbəri bildirib ki, voleybolun inkişafı üçün dövlət lazımı dəstəyi verir. Lakin o, bu işə sahibkarlar və biznesmenlərin də qoşulmasını istəyib: “Hər kəsə səslənirəm ki, idmana kömək edin. Bir növ dəstəyə ehtiyac var. Bu, gənclərimizin həm də sağlam böyüməsi üçündür”.
O, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq qadınlardan ibarət komandaya yeni baş məşqçi təyin olunacağını da deyib. Qurbanov Faiq Qarayevdən sonra onun davamçısının yetişmədiyini vurğulayıb: “Gənclərimiz yaxşıdırlar. Amma bütün standartlar cavab verəcək məşqçi görmürəm. Xarici və ya yerli çalışdırıcı olacaq, ya yox, bunu fikirləşmək lazımdır. Çünki komandanın 50 faizi voleybolçulardan asılıdırsa, digər 50-si məşqçilərdən asılıdır. Düzgün mütəxəssis olmaq məsələsi çox vacibdir. Bəlkə də gələcəkdə yetişəcək. Gəlin, bərabər axtaraq”.