“Qızıl Avropa Liqasında yaxşı nəticə əldə etmək üçün müəyyən qədər təcrübəmiz var”.
Apasport.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Qızıl Avropa Liqasına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis məşqlərdən razı qaldığını bildirib: “Qalibiyyət barədə danışmaq üçün hələ çox tezdir. Məğlub olmaqdan qorxmamaq lazımdır. Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir. Hazırda əsas hədəfimiz 2026-cı ildə Bakıda keçiriləcək Avropa çempionatıdır. Artıq indidən hazırlıqlara başlamışıq. Bu turnir üçün xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq. Onların Vətənə qayıtmağı bizim üçün önəm kəsb edir. Hazırda millinin heyətində əsasən gənclərdir. Onlara təcrübələrini artırmaq üçün ən azı 1,5 il vaxt lazımdır. Hələ böyüməlidirlər. Voleybolumuz hər il daha da inkişaf etməlidir. Hər birinə uğurlar arzu edirəm. İstəyim odur ki, bu idman növü Azərbaycanda öz yerini tapsın”.
O, millinin keçmiş üzvü Odina Əliyevanın yığmaya çağırılıb-çağırılmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib: “Mənim heç bir oyunçu ilə problemim yoxdur. Onların hər birini mən böyütmüşəm. Hamısı mənim üçün əzizdir. Avropa çempionatı üçün hansı oyunçunun xidmətlərinə ehtiyac duysaq, sözsüz ki, çağıracağıq. Bizim bir çox potensiallı idmançımız var. Amma bu dəfə gənclərə şans vermək istəyirik. Xorvatiya, İsveç, Rumıniya və Slovakiya kimi güclü rəqiblərimiz var. Qızlara inanıram. Son ana kimi döyüşmələrini istəyirəm. Məqsədimiz böyüklərlə gəncləri bir araya toplayaraq keyfiyyətli komanda qurmaqdır”.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.