Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan hər 2 matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. Həmçinin komandalar meydana qara sarğı ilə çıxıblar.
Günün ilk matçında “Murov” MOİK-lə üz-üzə gəlib. Matçın qalibi tay-brekdə müəyyən olunub. İlk hissədə 25:23 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası növbəti setdə də üstün olub – 26:24. 3-cü hissədə toparlanan “Murov” sonrakı setlərdə 25:15, 25:15 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib – 2:2. Həlledici setdə 15:7 hesabı ilə qalib gələn “Murov” görüşün yekun hesabını müəyyənləşdirib – 3:2.
Turun növbəti qarşılaşması "Xarı bülbül" və "Neftçi" klubları arasında olub. Gərgin keçən ilk seti "Neftçi" 2 xal fərqi ilə öz xeyrinə başa vurub – 25:23. Bundan sonra təşəbbüsə yiyələnən "Xarı bülbül" 2-ci hissədə 25:13 hesabı ilə qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib – 1:1. Sonrakı setlərdə isə "Neftçi" rəqibini 25:14 və 25:23 hesabları ilə üstələyərək meydandan 3:1 hesabı ilə qalib ayrılıb.
Beləliklə, V turdan sonra “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” 2-ci, 6 xalla “Neftçi” 3-cü yerdə qərarlaşıb. Bu gün ilk xalını qazanan MOİK isə 1 xalla sonuncu pillədir.
V tur
“Murov” – MOİK 3:2 (23:25, 24:26, 25:15, 25:15, 15:7)
“Xarı bülbül” – “Neftçi” 1:3 (23:25, 25:13, 14:25, 23:25)